Ayağı çürüyən Qarabağ qazisi dövlətdən yardım istəyir – Müsahibə
YENİCAG.AZ xəbər verir ki, bu sözləri musavat.com-a müsahibəsində Qarabağ qazisi Rüstəm Vəliyev deyib.
Qarabağ savaşında könüllü olaraq iştirak etmiş Rüstəmin hazırki vəziyyəti çox ağırdır. Ailəsi ilə birlikdə qaçqınlar şəhərciyində yaşayan Rüstəm Vəliyevin ayaqları kəsilmək üzrədir.
Qarabağ müharibəsində aldığı güllə yarasına görə, sol qolundan tam olaraq istifadə edə bilməyən Əliyev, indi də ayaqlarından olmaq üzrədir. Çünki ayaqlarında yaranmış xəstəlik ucbatından qan dövranı zəifləyib və buna görə də sağ ayağı çürüməyə başlayıb.
Rüstəm Vəliyevin sözlərinə görə, müharibə zamanı hər iki qolundan yaralanıb. Hazırda sağ qolunda hələ də güllə qalıb: “Mən 1970-ci ildə Bakı şəhərində anadan olmuşam. Əsgərlikdən qayıdandan sonra Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Laçın rayonunda vuruşmuşam. 92-ci ildən 94-cü ilə qədər döyüşlərdə iştirak etmişəm. Sağ və sol qolumdan yaralanmışam. Sağ qolumda hələ də güllə qalıb.
“Gülləni çıxara bilərik, amma bir şərtlə”
Həmin vaxtlarda həkimlərin diqqətsizliyindən qolumdakı güllə çıxarıla bilmədi. Çünki vaxtında baxmadılar. İrana göndərildim. Orada da dedilər ki, gülləni çıxara bilərik, amma bir şərtlə, əməliyyat uğursuz alınsa qolunuz kəsilə bilər. Güllə artıq sümükdə yerləşib. Buna görə də, sənədlərə qol çəkin ki, əgər elə bir şey olsa cavabdeh özünüzsünüz. “Yalnız bu şərtlə əməliyyata başlaya bilərik” dedilər. Mən də razı olmadım. Fikirləşdim ki, heç olmasa indi qolumu hərəkət etdirə bilirəm.
“Həkimlər deyirlər ki, ayağım kəsilməlidir”
Müharibə qurtardıqdan sonra qayıtdım Bakıya. Fəhləlik elədim, mühafizəçi işlədim. Birtəhər dolandım. Sonra qəfil xəstələndim. Hər iki ayağım tutuldu. Artıq sağ ayağımda çürümə başlayıb. Həkimlər deyirlər ki, ayağım kəsilməlidir. Amma deyilənlərə görə, Türkiyədə müalicəsi var. Amma mənim də oraya getmək və bu müalicəni etdirmək üçün maddi imkanım yoxdur.
“Mən də bütün kişilər kimi səhər işə gedib, axşam ailəmin yanına qayıtmaq istəyirəm”
Dekabr ayından bu günə kimi işləmirəm. Daha doğrusu, işləyə bilmirəm. Çünki ayaqlarım buna imkan vermir. Mən Qarabağ qazisiyəm, amma buna görə müavinət almıram. Qohumların sayəsində, onların verdikləri pullarla dolanırıq. Sağ olsun dövlətimiz ki, bizə ev verib. Amma ev hər şey deyil. Mən ailəmi saxlamaq üçün işləməliyəm. Mən də bütün kişilər kimi səhər işə gedib, axşam ailəmin yanına qayıtmaq istəyirəm. Nə vaxta qədər belə olacaq?
“Həkimlər deyirlər ki, bu xəstəlik məndə müharibə dövründə yaranıb”
Həkimlər deyirlər ki, bu xəstəlik məndə müharibə dövründə yaranıb. Günlərlə qarın içində qalırdıq. Bu da o vaxtlarda yaranıb. Həmin günlərdə ayağımda, kürəyimdə ağrılar olurdu. Amma fikir vermirdim. Yaşlandıqca daha da güclənib və indiki hala düşmüşəm.
“Dövlətimizdən xahiş edirəm ki, mənə köməklik göstərsinlər”
Ayağımın ağrıları tutanda dözə bilmirəm. Ağrıkəsicilər məni güclə sakitləşdirir. Vaxt keçdikcə ayaqlarımın vəziyyəti daha da pisləşir. Müavinət verilsə heç olmasa onları toplayıb başıma bir çarə qılaram. Müavinət almamağımın səbəbi isə Qarabağ qazisi kimi qeydiyyatda olmamağımdır. Bu vaxta kimi müraciət də etməmişəm. Amma indi dövlətimizdən xahiş edirəm ki, mənə köməklik göstərsinlər”.
Məhəmməd TÜRKMƏN
Foto və video müəllifindir.
https://www.youtube.com/watch?v=7BcHpUuKECI
