Aygün qadağalardan DANIŞDI: “Bunu özümə rəva bilmirəm”

“Necə ki həyatda mənfi, ya müsbət insan var, deməli, obrazın da mənfisi, müsbəti ola bilər…”

Bunu aktrisa Aygün Fətullayeva Yenicag.az-a açıqlamasında deyib.

Mənfi rollar oynamaqdan çəkinən və tamaşaçı nifrətindən qorxan həmkarlarından fərqli olaraq, Aygün mənfi obrazlarla müsbət rollar arasında fərq qoymadığını bildirib:

“Obrazların mənfi, ya müsbət olmasının mənim üçün fərqi yoxdur. Onları bir-birindən ayırmaqdansa, həmin obrazların nə qədər məna yükü daşımasına fikir verirəm. Həmin obrazla hansı mesajı ötürmək istəyirəm, o obrazın həyat hekayəsi nə dərəcədə təsir gücünə malikdir, bunu düşünürəm.

Biz müxtəlif insan hekayələri təqdim edirik. Sadəcə olaraq o obrazların hamısı aktyorun simasında təqdim olunur. Dəyişən hekayələr, xarakterlər, situasiyalardır. Əgər aktyora qarşı sevgi, nifrət və digər hər hansı kəskin bir münasibət varsa, bu, situasiyalardan doğan bir münasibətdirsə, bundan narahat olmağa ehtiyac yoxdur. Çünki bu, müxtəlif insan hekayələrinə olan bir münasibətdir. Həyatda hər cür insanla qarşılaşırıq və hərəsinə də öz baxış bucağımız olur. Hər kəsə eyni fikirdə, eyni hissdə yanaşmırıq. Eynilə bu, obrazlara qarşı da ola bilər. Bu da təbii haldır. Əgər, həqiqətən də, aktyor öz hekayəsi ilə insanlarda iz buraxa bilirsə və bundan dolayı aktyora qarşı münasibət dəyişirsə, əlbəttə, bu, aktyorun obraz üzərində yaxşı işləməsinin nişanəsidir”.

Aktrisa hesab edir ki, mənfi, ya müsbət olmasından asılı olmayaraq, aktyorun işi həmin obrazı tamaşaçıya sevdirmək və inandırmaqdır:

“Qaldı ki müsbət və mənfi obrazların yükünə, yalnız mənfi obrazı yaratmaq çətin deyil. Müsbət qəhrəmanını da sevdirməlisən. Ümumiyyətlə, aktyor həm mənfi, həm də müsbət qəhrəmanını tamaşaçıya sevdirməlidir. Mənfi qəhrəmanı sevməyə bilərlər, amma aktyor qəhrəmanına haqq qazandırmağı bacarmalıdır, tamaşaçını inandırmalıdır. İmkan yaratmalısan ki, tamaşaçı ona inansın. Müsbət obraza da aiddir. Bu o demək deyil ki, aktyor yaxşı oynadı deyə sevildi. O qədər mənfi rollar oynamış məşhur aktyorlar var ki… Hətta bəzi məqamlarda o mənfi obrazlara xüsusi bir rəğbətimiz var. Onları anlamağa çalışırıq”.

Maraqlıdır, aktrisanın özünə qoyduğu qadağalar varmı?

Sualımıza aldığımız cavab belə oldu:

“Mənim üçün əsas meyar həmin işdə olacaq keyfiyyətdir. Özümə qadağalarım yox, amma rəva bilmədiyim şeylər var. Məni yoran şeylər. Bu, qadağa sayılırsa, adına qadağa deyək. Qeyri-peşəkarlıq barındıran hər bir şeyə görə özümə qadağa qoyuram”.

Cəvahir