!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azadlığa və zəfərə gedən yolunun başlanğıcı: Tariximizin şərəfli 20 Yanvar səhifəsi

!Reklam – Yazi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Xalqımızın milli kimliyinin təcəssümünə çevrilən Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildi. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

1980-ci illərdə SSRİ rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın və qətliamlar, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan ərazisindəki dədə-baba yurdlarından soydaşlarımızın məcburi deportasiyası imperiyanın xalqımıza qarşı siyasətinin mərhələləri idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa keçmiş sovet rəhbərliyinin birbaşa baş katib Mixail Qorbaçovun əmri ilə SSRİ qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Eyni zamanda həmin dövr tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Məhz bu qanlı planın nəticəsi olaraq sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib.

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdi. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur.

Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır. Bu gün 20 Yanvar faciəsinin 35-ci ildönümünə dünya başqa bir Azərbaycanı tanıyır. Bu günkü Azərbaycan Qarabağda insanlıq faciəsi yaşadanları məhkəmə qarşısına çıxaran, bilərəkdən və ya qeyri-peşəkarlıqdan təyyarəsinin vurulmasına görə Rusiyadan üzrxahlıq tələb edən, dünyanın bütün gücləri qarşısında milli maraqlarını qoruyan bir gücdədir.

Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı məhz 20 Yanvar gecəsi qoyuldu. Ötən müddət ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib, misilsiz inkişaf yolu keçərək regionda və dünyada söz sahibinə çevrilib, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Zamanın sürətli axarında dəyişməyən yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.

Tənzilə Rüstəmxanlı

Azərbaycan Milli Məclisinin deputatı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv