“Azadlıq” radiosu haqlıdır, yoxsa Fəzail Ağamalı?
Ərəstun Oruclu: “Ünvanlı karikaturaya aqressiv reaksiyanın kökündə siyasilərin dözümsüzlüyü dayanır”
“Azadlıq” radiosunun Azərbaycan xidməti saytında deputat Fəzail Ağamalının “Azadlıq Radiosu üçün böyük itki” sərlövhəli karikaturasını yayıb və forum açıb.
Millət vəkili Fəzail Ağamalı isə radionun bu addımını özünə qarşı təhqir hesab edərək, onun davam edəcəyi təqdirdə məsələnin məhkəməyə qədər gedəcəyini bildirib. Demokratiyanın inkişaf etdiyi sivil ölkələrdə siyasi xadimlər, dövlət və hökumət başçıları belə KİV-lərdə özlərinin karikaturasının çəkilməsinə dözümlü yanaşırlar. Amma nədənsə Azərbaycan cəmiyyətində demokratiyanın mühüm atributu olan bu məqama siyasələr düşməncəsinə münasibət bəsləyir.
Yenicag.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bildirdi ki, Azərbaycanda əksər siyasilər karikaturaya dözümsüzlük nümayiş etdirdiyindən, özləri haqqında çıxan bu səpkili şəkilləri görən kimi ona aqressiv reaksiya göstərirlər: “Siyasi karikatura, siyasi tənqid satira janrının bir hissəsidir. Bu normal haldır, ona görə də dünyada hamı onu normal qəbul edir. Azərbaycanda isə siyasətçilər öz şəxsiyyətlərinə həddən artıq həssas yanaşır. Ona görə də onlar nəinki özləri haqqında olan karikaturaları qəbul etmir, hətta adi bir tənqidə belə aqressiv reaksiya verirlər.Bəzən Azərbaycana demokratiya gətirmək iddiasında olan insanlar ünvanlı tənqidə o dərəcədə aqressiv reaksiya göstərir ki, adam fikirləşir, görəsən onlar hansı əsrdə yaşayırlar. Bu Azərbaycan siyasətinin ümumi bir problemidir və onun kökündə də dözümsüzlük dayanır. Demokratiyanı demokratik təfəkkürlü insanlar qura bilər. Görünür, ölkəmizdə bu məsələdə qıtlıq var”.
ELÇİN