AZAL-da şübhəli "MALİYYƏ OYUNLARI": Dövlətə borc qaytarmır, başqasına faizsiz pul paylayır

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatda şirkətə 2 milyard 626 milyon manat əlavə kapital qoyuluşu edildiyi qeyd olunub. Dövlətə məxsus şirkətə bu yatırım hansı mənbələrdən edilib?

Bununla bağlı sorğumuza AZAL-dan verilən cavab maraqlı məqamı üzə çıxardı. Belə ki, şirkətdən bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Hava Yolları QSC-nin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında mövcud olan kredit öhdəlikləri Cəmiyyətin nizamnamə kapitalına yönəldilib:

“Nizamnamə kapitalında dəyişikliklərin edilməsi uzunmüddətli hüquqi qeydiyyat prosedurları tələb etdiyindən, qeyd olunan məbləğ müvəqqəti olaraq “əlavə ödənilmiş kapital” hesabında uçota alınmışdır. Nizamnamə kapitalının dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra maliyyə hesabatlarında, habelə Azərbaycan Hava Yolları QSC-nin nizamnaməsində müvafiq dəyişikliklər həyata keçiriləcəkdir”.

Bəs AZAL-dan qeyd olunan kredit borcları haradan yaranıb? Şirkətin illər üzrə maliyyə hesabatlarına, arada xəsisliklə açıqlanan hökumət məlumatlarına baxsaq, onların son illərdə AZAL-a verilən aşağı faizli kreditlər, şirkətin xarici kreditlərini bağlamaq üçün ayrılan borclar olduğunu müəyyən etmək olar.

Məsələn, 2023-cü il maliyyə hesabatına görə, “Azərbaycan Hava Yolları”nın dövlət xəzinəsinə 1 milyard 159 milyon ABŞ dolları borcu olub. Maliyyə Nazirliyinin şirkətə 1 yanvar 2023-cü il tarixinə 1 milyard 77.9 milyon dolları üzən faiz dərəcəsi və 81.1 milyon dolları isə sabit faizlə kredit verdiyi bildirilir.

Bununla belə, borclar təkcə ABŞ dolları ilə bitməyib. AZAL-ın Maliyyə Nazirliyi qarşısında Azərbaycan manatında 624.2 milyon manatlıq sabit faiz dərəcəsi ilə olan borcu da var imiş. İl başa çatdıqdan sonra 27 fevral 2023-cü il tarixində Maliyyə Nazirliyi ilə borclara 2023-2028-ci illər ərzində müəyyən edilmiş ödəniş qrafiki ilə 1 yanvar 2023-cü il tarixindən etibarən illik 2 faiz faiz dərəcəsinin tətbiq edilməsi barədə razılıq əldə olunub.

Lakin 2024-cü il hesabatından aydın olur ki, şirkət yeni qrafik və faizlə də borcunu ödəməyib, üstəlik, həmin vəsait ona peşkəş edilib. Nəticədə AZAL-ın öhdəlikləri 2023-cü ilin sonundakı 3,1 milyart manatdan 2024-cü ilin sonunda 802 milyon manata düşüb. Şirkət həmin ili 216 milyon manatdan yuxarı xalis mənfəətlə başa vurub.

Dövlətə olan borclarını qaytarmağa pul tapmayan AZAL 5 fevral 2025-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı ASC-də 6 ay müddətinə, illik 8 faiz nominal faiz dərəcəsi ilə 50 milyon manat məbləğində depozit yerləşdirib. Həmin depozitin müddəti başa çatanda, 1 avqust 2025-ci il tarixində AZAL-la Azərbaycan Beynəlxalq Bankı ASC arasında depozitin müddəti bitdiyi tarixdən etibarən onun növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb.

Bu dəfə depozit üzrə illik nominal faiz dərəcəsi 7 faizə endirilib.

Ən maraqlısı budur ki, dövlətin milyardlarla manatının peşkəş edildiyi AZAL özü başqa şirkətlərə faizsiz borc paylayır. Şirkətin 2025-ci il üzrə hesabatından aydın olur ki, 8 dekabr 2025-ci il tarixində AZAL öz əlaqəli tərəfi olan “Bakı Gəmiqayırma” MMC ilə borc müqaviləsi bağlayıb. Müqaviləyə əsasən, şirkət 15 dekabr 2025-c il tarixində qarşı tərəfə 5 milyon dollar məbləğində faizsiz borc verib. Şərtlərə əsasən bu kredit 31 yanvar 2028- ci il tarixinədək tam şəkildə qaytarılmalıdır./Afn.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa