Aviaşirkətlərin sərnişinlər tərəfindən tənqidinə məruz qalmasının TOP-3 səbəblərindən biri, əlbəttə ki, uçuş gecikmələri və ya reyslərin ləğvidir.
Reyslərin yubanması müasir aviasiya üçün “əsrin problemi”nə çevrilib – bu gün dünyada heç bir aviaşirkət uçuşun gecikməyəcəyinə zəmanət verə bilməz. Bunu aparılan çoxsaylı tədqiqatlar, araşdırmalar da təsdiq edir, hətta dünyanın ən qeyri-punktual aviaşirkətlərinin reytinqi də tərtib olunur və adətən siyahının başında ən populyar aviaşirkətlər yer alır. Niyə? Çünki şirkətin öhdəsinə götürdüyü reys sayı artdıqca bu problem daha da qabarır, geniş şəkildə ictimailəşir.
“Bizdən asılı olan və olmayan səbəblərdən…”
Tələbatın yüksək olduğu yay aylarında isə yubanmalar təbii olaraq daha tez-tez baş verir. Ənənəvi tətillər mövsümündə aviaşirkət artan tələbatı ödəmək üçün öz resurslarından maksimum istifadə edir. Buna görə, bir təyyarədə nasazlıq aşkar edilərsə, onu dərhal digəri ilə əvəz etmək çox çətin olur və yeganə çıxış yolu problemi tam aradan qaldıranadək uçuşun təxirə salmasıdır.
Gecikmələrin digər, aviaşirkətlərdən asılı olmayan səbəbləri də az deyil. Məsələn, bu günlərdə tanınmış “Ryanair” aviaşirkəti Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol, ATC) nöqsanları səbəbindən çoxsaylı gecikmələrə və 60-dan çox ləğv edilmiş reyslərə görə öz sərnişinlərindən üzr istəyib. Aviaşirkət rəsmiləri bu yay Avropada ATC xidmətlərinin indiyədək ən aşağı səviyyədə olmasından gileylənib, Avropanın hava hərəkətinə nəzarət sisteminin zəif idarə olunması səbəbindən gecikmələr, ləğvlər və sərnişinlərin sayının azalması ilə üzləşdiklərini bildiriblər.
Yəni aviaşirkət ondan asılı olmayan səbəblərdən reysi yubatmağa məcbur olsa da, sonda sərnişinin qəzəbi və narazılığına məhz o məruz qalır. Lakin məntiqlə düşünülsə, hansı biznes subyekti qəsdən xətaya yol verib müştəri itirməkdə maraqlı olar ki?
AZAL-ın “gec olsun – güc olsun” prinsipi
Bəs milli aviaşirkətimiz – AZAL-ın göstərdiyi əsas səbəblər hansılardır və şirkət tərəfindən yol verilən reys gecikmələrinə haqq qazandırmaq olarmı?
Aviaşirkətin ictimailəşdirdiyi xəbərlərdə texniki problemlər və hava şəraitinin uyğunsuzluğu daha tez-tez rast gəlinən səbəblərdəndir.
Azərbaycan Hava Yolları dəfələrlə bəyan edib ki, onun üçün ən önəmli məsələ sərnişinlərin təhlükəsizliyidir. Təyyarələr daim texniki baxışdan keçilir, yüksək səviyyədə qulluq olunur, lazımi texniki yoxlamalar aparılır və yalnız tam sazlığına əmin olduqdan sonra reyslərə buraxılır.
Təyyarənin uçuşa hazırlığı müxtəlif xidmətlər və mütəxəssislər tərəfindən yoxlanılır, son qərarı isə hava gəmisinin kapitanı verir. Və təbii ki, nasazlığa xırda bir şübhə olsa, uçuşu yubatmaq onlarla insanın həyatını riskə atmaqdan daha üstündür.
“Texniki səbəb” dedikdə təkcə təyyarənin özündə olan problem deyil, uçuş zolağının hazır olamaması, hava məkanında yaranan sıxlıq və digər maneələr nəzərdə tutulur ki, onların çoxuna aviaşirkət məsuliyyət daşımır. Və hava gəmisinin kapitanı ən xırda problemin belə risk yükünü dəyərləndirərək uçuş barədə qərar verir, bu zaman da prioritet meyar sərnişinlərin təhlükəsizliyidir.
Burda etiraz edilə bilinər ki, belə problemlərin tez-tez baş verməməsi üçün daşıyıcı şirkət müəyyən tədbirlər görməlidir. AZAL-ın rəsmilərinin sözlərinə görə, aviaşirkət təyyarələrinin istismar etibarlılığını artırmaq üçün qabaqcıl texnologiyalara sərmayə qoyur. Hava sıxlığı və hava limanında tıxaclarla bağlı riskləri azaltmaq üçün marşrutları və uçuş cədvəllərini daim optimallaşdırır.
“Sən saydığını say…”
Aviaşirkətlərdən asılı olmayan və ən tez-tez baş verən gecikmə səbəblərindən biri də əlverişsiz hava şəraitidir. Təyyarələrin yerə enməsi və qalxması üçün müəyyən meteoroloji məhdudiyyətlər var – güclü külək, duman, qar və s. – bunlar həm göydə, həm də yerdə uçuş üçün ciddi maneədir. İki il öncə İstanbul Hava Limanının güclü qar səbəbindən fəaliyyətinin dayandırılması, yüzlərlə reysin təxirə salınması və bu vəziyyətin digər aeroportların da gündəlik uçuş cədvəlinə ciddi təsir göstərməsi ən yaddaqalan nümunələrdəndir. Belə hallarda aviaşirkətin əməkdaşları təyyarənin nə zaman havaya qalxa biləcəyi sualına da dəqiq cavab verə bilmirlər. Və qəbul olunmuş beynəlxalq hüqüqi çərçivəyə görə uçuşun yerinə yetirilməsinin qarşısı təbii fəlakətlər, hərbi əməliyyatlar, siyasi iğtişaşlar, hava limanı işçilərinin tətilləri, hava şəraiti, hava limanında həddindən artıq iş yükü və aviaşirkətdən asılı olmayan digər hallar nəticəsində alınmışdırsa, daşıyıcı sərnişinlər qarşısında məsuliyyət daşımır.
Bu ilin aprel ayında Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar AZAL-ın bir neçə reyslərinin təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olmasına görə gecikməsi sadaladığımız səbəblərdəndir, və şirkət dərhal bu barədə açıqlama yaydı.
Lakin elə hallar ola bilər ki, onları ictimailəşdirmək əks effekt yaradar, xüsusən də təhlükəsizliklə bağlı bəzi məsələlərin məxfi qalması tam anlaşılandı. Bəzən aviaşirkət sərnişinlər arasında bu tip xəbərlərə həddindən artıq həssaslıq göstərən, aerofobiyası olanları nəzərə alaraq bəzən susmalı olur.
Sonda uçuşu gecikən sərnişinlərə də tövsiyələrimiz var: əvvəla yubanmanın səbəbini aydınlaşdırın və əgər günahkar aviaşirkətdirsə, ondan qaydalara uyğun içki, qidalanma, mehmanxanada pulsuz yerləşdirilmə, biletin qaytarılması və ya dəyişdirilməsi və s. təzminat tələb edə bilərsiniz. Bu barədə daha dəqiq məlumat adətən şirkətlərin veb-saytlarında yerləşdirilir./APA
www.yenicag.az