AZAL qəzasında Kremlin “bazarlıq”ssenarisi: “Bakı geri çəkilməyəcək!"
“Təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən dairələr cinayət işinə xitam verilməsinə nail olublar”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O, Azərbaycan təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması hadisəsi ətrafında yaranan ziddiyyətli məqamlarla bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, qəzanı araşdıran beynəlxalq komissiyanın ilkin nəticələri, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə görüşündə təyyarəyə kənar müdaxilə ilə bağlı dedikləri Rusiya hava hücumundan müdafiə sistemlərindən atəş açılması versiyasını təsdiqləyirdi:
“Lakin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL təyyarəsinin qəzası ilə bağlı cinayət işinə xitam verildiyini bildirən məktubu əvvəlki rəsmi mövqelərlə ziddiyyət təşkil edir. Məktubda qəzanın hava şəraiti səbəbindən baş verdiyi iddia olunur və təyyarəyə atəş açılması faktı ümumiyyətlə qeyd edilmir.
Bu ziddiyyət haqlı suallar yaradır: Bastrıkin Putinin mövqeyinə qarşı çıxır, yoxsa bu, Rusiyanın daxilindəki hərbi-siyasi qruplaşmaların oyunudur? Ehtimallardan biri odur ki, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən dairələr cinayət işinə xitam verilməsinə nail olublar. Bununla həm məsuliyyətdən yayınmaq, həm də Putinin əvvəlki vədlərinin icrasına təsir göstərmək istəyirlər. Ancaq belə versiya qərarın birbaşa Kremlin iradəsi ilə verilməsi ehtimalı ilə müqayisədə daha zəif görünür.
Daha real ssenari isə Putinin prosesə nəzarəti saxlayaraq qərarların icrasını bilərəkdən uzatmasıdır. Moskva anlayır ki, beynəlxalq araşdırma təyyarəyə atəş açılması faktını təsdiqləyə bilər. Bakı isə geri çəkilməyəcək. Belə olan halda Rusiya bu məsələni pərdəarxası danışıqlarda təzyiq və ‘bazarlıq’ aləti kimi istifadə etməyə çalışır”, — deyə o bildirib.
Nəsimi Ələsgərli












