“Azərbaycan Avropa ailəsinin bir üzvüdür”

media-hightechnic-468x90

elmannesirliPrezident İlham Əliyevin 3-cü dönəm prezident seçilməsindən bir il keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov açıqlamasında bu müddətdə Azərbaycanın həm daxili, həm xarici siyasətində, eləcə də enerji siyasətində, beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışıb.

Politoloq qeyd edib ki, İlham Əliyevin ötən il seçkilərdə qalib gəlməsi xalqın ona olan etimadının nəticəsidir. E.Nəsirovun sözlərinə görə, Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi funksiyasını yerinə yetirir: “Bu il TANAP layihəsi istiqamətində işlərə start verildi. Və bu Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın böyük töhfəsidir. 2019-cu ildən isə dünya TAP layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycanın atacağı addımların şahidi olacaq. Türkiyə – Yunanıstan sərhədində TAP kəməri qazı qəbul edib Avropa bazarına çatdıracaq. TANAP isə Bakı-Tblisi-Ərzurumdan qazı qəbul edib Avropa bazarına çatdıracaq. Bunlar sübut edir ki, Azərbaycan sözün həqiqi mənasında regional səviyyədən çıxıb, Avropanın enerji təhlükəsizliyi üçün çox ciddi alternativ enerji mənbəyi funksiyasını yerinə yetirir. Prezident bir il ərzində bu sahədə diversifikasiya siyasətinə sadiqlik nümayiş etdirdi, şaxələndirmə siyasəti öz aktuallığını qoruyub saxladı və bundan sonra da saxlayacaq. Enerji siyasəti təsdiqlədi ki, bu heç bir dövlətin əleyhinə deyil, heç bir dövlətə təzyiq elementi deyil. Azərbaycan öz milli maraqlarından çıxış edərək bu siyasəti həyata keçirir. Burada istehsalçı ölkə Azərbaycandır. Azərbaycanın enerji siyasəti həm enerji mənbəyi olan dövlətin, həm alıcı ölkələrin mənafeyinin qorunub saxlanılmasına yönəlib. Burada uduzan tərəf yoxdur, tərəflər udan vəziyyətdədir. Prezidentin bu sahədə son bir ildə yeritdiyi siyasət öz nəticəsini verməkdədir”.

Politoloq multikulturalizm sahəsində Azərbaycanın roluna diqqət yetirib: “Ölkənin beynəlxalq aləmdəki roluna qiymət verərkən xüsusilə Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək istərdim. Dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan dünya üçün tolerantlıq nümunəsi verir, multikulturalizmi bir həyat normasına çevirir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərir. Müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, toqquşmasının arzusunda olanlar üçün unikal bir cavabdır. Həm də tək sözdə deyil, əməli işdə cavabdır. Azərbaycan dünya üçün “Bakı prosesi” deyilən bir nümunə verir. 2008-ci ildə Bakıda Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin böyük bir toplantısını keçirdi. Bu göstərdi ki, Azərbaycan həm Avropa ailəsinin bir üzvüdür, həm də müsəlman dünyasının bir parçasıdır. Amma onları bir yerdə otuzdurub, bir yerdə problemləri müzakirə etmək, bu mədəniyyətlərin bir – birini inkar etməklə, bir-birinin əksinə formalaşdırdığı mövqeyi ortaya qoymaq idi”.

Onun sözlərinə görə, 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısı keçirildi, Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri dəvət edildi. Və yenə də dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti öz təntənəsini tapdı: “Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti əslində böyük dövlətlərə multikulturalizm dərsi keçdi. Dinlərin harmoniyada olmasının mümkünlüyü ideyasını təlqin edir, tək sözdə deyil, əməli işdə təsdiq edir. Həqiqətən prezidentin qeyd etdiyi kimi Azərbaycanın yeritdiyi siyasətdə hər bir sözün əməl qədər gücü var. Bunlar hamısı son bir il ərzində ölkə prezidentinin yeritdiyi siyasətdə öz təsdiqini tapdı. Bu bir il tək baş vermiş hadisələrlə deyil, qarşıda da baş verəcək hadisələr üçün təməl funksiyasını yerinə yetirir”.

Politoloq gələn il keçiriləcək qondarma soyqırımı fonunda Bakı Yay Olimpiya oyunlarının siyasi əhəmiyyət daşıyacağını da bəyan edib: “Məsələ ondadır ki, Azərbaycan gələn il Avropa məkanında ilk yay olimpiya oyunlarına ev sahibliyi edəcək. Çox unikal bir tədbirdir, unikallıq həm də bundadır ki, yunanlar hər zaman deyir ki, olimpiya hərəkatının banilərdirlər. Azərbaycan bütün tarixi boyu qürur hissi keçirəcək ki, Avropa məkanında yay olimpiya oyunlarına ev sahibliyi edib. Biz də bununla hər zaman fəxr edəcəyik. Bu təkcə mədəni bir hadisə deyil, böyük siyasi yükü olan bir hadisədir. Bunun siyasi gücü ondadır ki, 2015-ci ildə dünyadakı erməni diasporu qondarma erməni soyqırımının 100 illiyini qeyd etmək istəyir. Qondarma soyqırımın keçiriləcəyi ildə Azərbaycan yay olimpiya oyunlarına ev sahibliyi edəcək. Təbii ki, orta statistik avropalı üçün qondarma soyqırımı ilə bağlı yalançı sərgilərə, kitablara, filmlərə baxmaqdansa, dünyanın populyar oyunlarını Bakıdan izləmək, kanallarını Bakıya tuşlayıb, Azərbaycanın gözəlliyini və inkişafını görmək, nəhəng oyunları izləmək daha məntiqli olacaq. Bu dünya ermənilərinin həyata keçirəcəyi nəhəng kompaniyaya güclü zərbə endirmiş olacaq. Bu da onun siyasi yükü və əhəmiyyətini daha da artırmış olur. 2003-cü ildən bəri İlham Əliyevin həyata keçirdiyi siyasət ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasətin davamıdır, lakin bu sadəcə davamı deyil, bu çox sürətlə dəyişən dünyanın geopolitik reallıqlarına çevik reaksiya verməklə həyata keçirilən bir siyasətdir. Azərbaycanın milli maraqlarının fövqündə duran bir siyasətdir, ən başlıcası bu müstəqil siyasətdir. Hansısa dövlətlərin, dövlətlər blokunun, siyasi təşkilatların diqtəsi ilə deyil, məhz Azərbaycan milli maraqlarına xidmət edən siyasətdir. Bu siyasət Azərbaycanı sözün həqiqi mənasında dünyada etibarlı tərəfdaşa çevirib”.

Politoloq qeyd edib ki, Azərbaycanın bütün addımları məqsədyönlüdür, burada heç bir təsadüfi siyasi gedişlər, iqtisadi addımlar yoxdur, bütün addımlar hamısı ölçülüb biçilmiş konkret proqram və strategiyalara söykənən bir siyasi kursdur. “Təbii ki, bunu gözü götürməyən qüvvələr var. Avropa Parlamentinin Azərbaycana münasibətində ikili standartlar oldu. Azərbaycanın həm daxili, həm xarici siyasətdə yeni uğurlara imza atmasını həzm edə bilməyən qüvvələr həm sınaqdan çıxardıqları, həm yeni icad etdikləri tətbiq vasitələrini işə salır. Çalışırlar ki, bu inkişafa tərəqqiyə kölgə salsınlar. 2012-ci ildə xarici ölkələrdəki diplomatik korpus rəhbərləri ilə keçirdiyi müşavirədə belə bir ifadə işlətdi ki, açıq şəkildə bizə söyləyirlər ki, surətinizi bir az yavaşıdın, çox sürətlə gedirsiniz. Bu inkişafı görən həmin qüvvələr müxtəlif variantlar axtarır ki, Azərbaycan da bunun fərqindədir. Bizi heç kim yolumuzdan döndərə bilməz. Həmin kursun təntənəsi naminə biz bütün iqtisadi siyasi və digər potensialımız səfərbər edib mövqelərimizi möhkəmləndiririk. Bu həm də hərbi sferanı özündə ehtiva edir. Azərbaycan bu bir ildə çox güclü hərbi inkişaf tempinə malik olduğunu nümayiş etdirdi. Bakıda müdafiə sənayesinin sərgisi keçirildi. Sərgidə Azərbaycanın hərbi potensialı bu sahədəki istehsal qabiliyyəti reklam olundu. Azərbaycan bundan sonra da nə qədər ki, torpaqlarımız işğal altındadır özünün güclənmək strategiyasını davam etdirəcək. Və bu baxımdan hərbi büdcənin artması da labüddür, Prezidentin Nazirlər Kabinetinin son iclasında da qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da hərbi büdcəsini artıracaq. 4 milyard civarında olan büdcə Ermənistanın büdcəsindən təxminən iki dəfə artıqdır”.

Sonda o bildirib ki, qeyd etdiyimiz və etmədiyimiz reallıqlar sübut edir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan çox yüksək inkişaf tempini qoruyub saxlayıb. Azərbaycan inkişaf etmiş dövlətlərin cərgəsinə daxil olmaq hədəfini seçib. On il ərzində bu məqsədə nail olmaq hədəf seçilib. Azərbaycanın Davos forumunun hesabatında 38-ci yerdə olması sübut edir ki, Azərbaycan son 9 ildə 31 pillə qabağa gedib. 69-cu yerdən 38-ci yerə gəlibsə, çox yaxın zamanda biz ilk onluğa da düşə bilərik. Ölkənin düşünülmüş, ağıllı, çevik balanslı siyasəti var. Ən başlıcası hakimiyyətlə xalqın harmoniyası var. Xalq öz hakimiyyətini, iqtidarını, prezidentini müdafiə edir və ölkədə siyasi sabitlik var. Bütün bu faktorlar Azərbaycanın davamlı inkişafını təmin edən faktorlardır. Son bir ildə təsdiq edildi ki, bu kursun – strategiyanın bəlli nəticələrini görürük”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600