Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda, daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır.
Yenicag.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.
Dövlət başçısının məktubunda bildirilib ki, konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.
“Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir”, – deyə Azərbaycan Prezidentinin məktubunda vurğulanıb.
www.yenicag.az