“Azərbaycan ən böyük “kölgə iqtisadiyyatı”na malik ölkələrdən biridir” – Sabiq millət vəkili

“Gömrük üzrə daxilolmaların artması sözsüz ki, bəyannamə qiymətinin artırılması hesabınadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin AzTV-yə müsahibəsində bu ilin altı ayı ərzində vergi orqanlarının nəzərdə tutulandan 810 milyon manat, gömrük orqanlarının isə 206 milyon manat artıq vəsait toplamalarına dair fikirlərinə münasibət bildirən keçmiş millət vəkili Nazim Bəydəmirli deyib.

Onun sözlərinə görə, haqqında danışılan artım ilk növbədə bəyannamə qiymətlərinin artırılması hesabınadır:

“Təbii ki, Azərbaycanda vergi və gömrük rüsumlarının əlavə toplanışı fiksal siyasət və inzibatçılıq baxımından normal görünə bilər. Hətta hesab edirəm ki, Azərbaycanın potensialı daha böyükdür. Məmur sahibkarlığı və onların dövlət büdcəsindən gizlətdikləri, oğurladıqları daha az olsaydı, dövlət satınalmaları, tenderləri kağız üzərində qalmasaydı vergi ödənişləri qat-qat artıq olardı.

Ona görə ki, Azərbaycan ən böyük “kölgə iqtisadiyyatı”na malik ölkələrdən biridir və bizim qiymətləndirməmizə görə, onun həcmi Ümumi Daxili Məhsulun təqribən yetmiş faiz civarındadır.

Etiraf etmək lazımdır ki, son illərdə, konkret desək, Fazil Məmmədovdan sonra vergi inzibatçılığında maarifləndirmənin artırılması, eyni zamanda, əvvəllər vergidən yayınan bəzi məmur şirkətlərinin vergiyə cəlb olunması müsbət addım kimi dəyərləndirilə bilər. Çünki əvvəllər audit departamenti sahibkarın dövriyyəsinə baxaraq ondan pul tələb edirdisə, indi bu tələblər aradan qalxıb. Yəni real gəlirlər və xərclər hesablanır, müəssisələr normal nəfəs ala bilirlər.

Ancaq mən bu yığımlardakı artımın ölkədə islahatların aparılması ilə əlaqələndirilməsinin tam əleyhinəyəm. Hesab edirəm ki, gömrük üzrə daxilolmaların artması sözsüz ki, bəyannamə qiymətlərinin artırılması hesabınadır. Gömrük Komitəsi öz fəaliyyətini yaxşı göstərmək üçün sahibkarlardan gələcəkdə ödəyəcəkləri mənfəət vergisini bəri başdan alaraq, həm də Vergilər Xidmətinin mandatını mənimsəmiş olur. Sahibkarlarla söhbətləşmək kifayətdir ki, gömrük orqanlarının idxal edilən məhsullara əlavə bəyannamə qiyməti tətbiq edərək onları necə sıxışdırdıqları haqda təsəvvür yaransın. Dövlət orqanları da Gömrük Komitəsinin timsalında bununla süni qiymət artımına yol açırlar.

Digər tərəfdən, sual yaranır, pandemiya ilə əlaqədar iqtisadiyyatın daraldığı bir dövrdə idxalın həcmi bu qədər artırmı ki, daxilolmalar da çoxalsın? Əlbəttə ki, belə deyil. Bu fikirdəyəm ki, ölkə başçısı bu sahədə real vəziyyəti bilir və özü də bu barədə, xüsusilə, məmur sahibkarlığı haqqında dəfələrlə danışıb”.

A.Zeynalov