Azərbaycan futbolu niyə YERİNDƏ SAYIR? – “Baş məşqçi deyir ki, Mahir Əmrəliyə autda dayanmağı mən öyrədirəm”

media-hightechnic-468x90

“Azərbaycan ictimaiyyəti birdəfəlik başa düşməlidir ki, Azərbaycan futbolunun problemi baş məşqçi problemi deyil. Yəni AFFA rəhbərliyi anlamalıdır ki, bahalı əcnəbi məşqçi gətirməklə yerli məşqçi təyin etmək arasında ciddi fərq yoxdur. Əksinə, yerli məşqçinin nəticələri çox vaxt bahalı əcnəbi məşqçilərin nəticələrindən daha yaxşı ola bilər. Başqa sözlə, yerli məşqçi bahalı əcnəbi məşqçi ilə eyni nəticəni göstərəcək, hətta bir-iki xal da artıq toplayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

media-1624954146_natiq-muxtarli

 

O, ötən gün DÇ-2026-nın seçmə mərhələsində baş tutan Azərbaycan 1:1 Ukrayna matçını, habelə millidəki yerli məşqçi amilindən söz açıb.

Onun sözlərinə görə, bu reallığı qəbul etməyən AFFA rəhbərliyi artıq 20 ilə yaxındır ki, hər dəfə bir illik istisna olmaqla, bahalı əcnəbi məşqçiləri gətirməklə milyonlarla vəsait xərcləyib:

“Milyonlar gedib, nəticə isə olmayıb. Buna baxmayaraq, onlar israrla bu addımı davam etdiriblər. İctimaiyyətin tələbi isə bu olmalıdır ki, əcnəbi məşqçilərə verilən pullar Azərbaycanın uşaq futbolunun infrastrukturuna, kadr potensialının yetişdirilməsinə yönəldilsin. Çünki indiki yetişdirilən futbolçular böyük turnirlər üçün kifayət etmir. Bu, birmənalıdır. Ayxan Abbasovun rəhbərliyi altında yığma Ukrayna ilə oyunda toparlana bildi, vuruşdu və bir xal qazandı. Amma bundan artığına gücləri çatmayacaq. Qarşıda Fransa ilə oyun var, səfərdə yenidən Ukrayna ilə görüş var. Nəticə əldə etmək onsuz da mümkün deyil”.

Mütəxəssis söyləyib ki, sözügedən məsələdə yanaşma birdir:

“Azərbaycan yığmasının başında yerli məşqçi olmalıdır. Nəticələr isə bahalı əcnəbi məşqçilərin gətirdiklərindən daha yaxşı olmayacaq. Buna görə də əcnəbilərə verilən milyonlarla vəsait kəndlərdə, qəsəbələrdə və bölgələrdə uşaq futbolunun inkişafına sərf edilməlidir. Azərbaycanın istedadlı futbolçuları oradadır. Avropada isə futbolçunu tamamilə başqa cür yetişdirirlər. Elmi yanaşma var, ən müasir texnologiyadan istifadə olunur. Azərbaycanda isə Bakıda bir-iki süni örtüklü meydança salınıb, futbolçulara sadəcə “topun arxasınca qaç” deyilir. Belə futbolçu ilə Avropada yetişən futbolçu arasında fərq dərhal görünür və biz intellektual, texniki, fiziki və taktiki baxımdan geri qalırıq”.

O, diqqətə çatdırıb ki, bu, bir elmdir və uşaq futbolundan başlayaraq öyrədilir:

“Bu, məktəbdir, futbol təhsilidir. Təəssüf ki, Azərbaycanda nə bu təhsili vermək üçün infrastruktur, nə də kadr potensialı var. Azərbaycanlı məşqçilər xaricə ezam olunmalı, oradakı üsulları öyrənməli, yeni biliklər qazanmalıdırlar. Bu gün işə başlasaq, nəticəni yalnız 15 ildən sonra görə bilərik. Ona görə də özümüzü aldatmayaq. Ayxan Abbasovla bir xal qazandıqsa, bu, ardı gələcək demək deyil. Çünki imkanlar buna yetmir. Futbolçuları da qınamağa dəyməz. Onlara orta məktəbdə futbolun əsası belə düzgün öyrədilməyib. Əgər birinci sinifdə sizə “A” hərfini “B” kimi yazmağı öyrətsələr, elə ömrünüz boyu “A”nı “B” kimi yazacaqsınız. Azərbaycanlı futbolçulara da futbol oynamağın özünü belə səhv öyrədiblər”.

“Almaniyada baş məşqçi deyirdi ki, Mahir Əmrəlinin top meydançaya daxil olarkən künc zərbəsində və ya autda necə duracağını mən ona öyrədirəm. Bu, əslində, uşaq futbolunda öyrədilməli bir dərsdir. Amma bizim 24 yaşlı futbolçumuz bunu bilmir. Çünki ona öyrədilməyib. İstedad var, amma o istedad inkişaf etdirilməyib. Halbuki istedad işin yalnız 25 faizidir, qalanı isə təhsildir – necə oynamağı öyrətməkdir. Azərbaycan yığmasının baş məşqçisi mütləq yerli məşqçi olmalıdır və ondan nəticə tələb edilməməlidir. Çünki hazırkı şəraitdə nəticə mümkün deyil. Təzyiq də olmamalıdır. AFFA rəhbərliyi isə uzun illərdir yazdırdıqları, milyonlarla manat xərclənmiş inkişaf strategiyasını rəflərdən çıxarmalı və tətbiq etməlidir. Futbolun inkişaf strategiyası yalnız Bakıda yox, bölgələrdə, qəsəbələrdə və kəndlərdə icra olunmalıdır. Çünki istedad məhz ordadır. Və yalnız 15 ildən sonra biz bunun bəhrəsini görə bilərik. İndiki halda isə Azərbaycan yığmasından nəticə gözləmək mənasızdır – bu, sadəcə mümkün deyil”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa