Azərbaycan Milli QHT Forumu BMT-nin Baş katibi Antonio Quterreşə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə: ABŞ Prezidenti Donald Trampa, Rusiya Prezidenti Vladimir Putinə, Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb.
Publika.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, 12 iyul 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatları davam etdirir. Bu, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının və COVID-19 pandemiyası dövründə BMT baş katibinin kürəsəl atəşkəs rejiminə əməl olunması haqqında çağırışını heçə saydığının daha bir sübutudur: “Ermənistan nəinki Azərbaycanın hərbi mövqelərinə hücum edir, hətta bütün beynəlxalq konvensiyaların əksinə olaraq dinc əhaliyə qarşı artilleriya və ağır silahlardan atəş açaraq onları öldürür, əmlaklarına ciddi ziyan vurur. Azərbaycan ictimaiyyəti bunun səbəbini indiyə kimi işğalçı Ermənistanın lazımi səviyyədə cəzalandırılmamasında və əksinə, bir çox hallarda bu ölkənin törətdiyi beynəlxalq cinayətlərə göz yumulmasında görür.
Şübhəsiz ki, əgər rəhbərlik etdiyiniz ölkələrin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyri-şərtsiz azad edilməsinə yönəlmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini təmin etsəydiniz, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymasaydınız, icrası məcburi olan beynəlxalq sənədlərin tələblərini yerinə yetirmədiyinə görə Ermənistana haqq etdiyi sanksiyanı tətbiq etsəydiniz, münaqişə çoxdan həll olunar, beynəlxalq hüququn və ədalətin təntənəsinin şahidi olardıq.
Təəssüf ki, bu baş vermədiyindən Ermənistan 30 ildir ki, Dağlıq Qarabağı və ətrafında olan 7 rayonu işğalda saxlamaqda davam edir, işğal etdiyi ərazilərdən qovduğu bir milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan vermir. Bu azmış kimi münaqişə zonasına aid olmayan Azərbaycanın dövlət sərhəddinə, Tovuz rayonuna silahlı təcavüz edərək Azərbaycanın hərbi qulluqçularını və dinc sakinlərini öldürür.
Azərbaycan Milli QHT Forumu olaraq sizə müraciət edir, Ermənistanın son təcavüzünə laqeyd qalmamağı, BMT TŞ-nin qeyd etdiyimiz qətnamələrinin icrasını təmin etməyi və işğalçı ölkənin beynəlxalq hüquq normaları və prinsiplərinin müəyyən etdiyi qaydada cəzalandırılması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirik”.
www.yenicag.az