Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun “Tarixşünaslıq və mənbəşünaslıq” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Cümşüd oğlu Əmrahov və A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Vaqif oğlu Qafarovun həmmüəlifliyi ilə 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 yaşına həsr edilən olan “Azərbaycan Parlamentarizmi tarixi: 1918-2018” kitabı “Elm və Təhsil” nəşriyyatı tərəfindən çap olunub. 336 səhifədən ibarət olan kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərovdur.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamında deyilir: “2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Ölkə prezidenti İlham Əliyevin məlum sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi təkcə müvafiq dövlət qurumlarının üzərinə düşmür, həm də tariximizin şanlı səhifəsinin araşdırılması, əsl həqiqətlərin üzər çıxarılması və geniş oxucu auditoriyasına təqdim edilməsi ziyalıların, tarixçilərin əsas vəzifələrindən biridir. Bu baxımdan Cümhuriyyət Parlamentinin yaradılmasının 100 illiyi münasibətilə yeni bir tədqiqat əsəri olan “Azərbaycan Parlamentarizmi tarixi: 1918-2018” kitabı Azərbaycanda parlamentarizm tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Tədqiqat işinin başlıca məziyyətlərindən biri Azərbaycan dövlətçiliyinin hələ qədim dövrlərdə, eramızdan əvvəl III minilliyin əvvəllərindən məşvərət mədəniyyətinə malik olduğunu göstərməsidir.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır…”
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra demokratik inkişaf yolunu tutaraq Azərbaycan ərazisində yaşayan bütün xalqları öz ətrafında sıx surətdə birləşdirmişdir. Demokratik qaydalara uyğun olaraq hakimiyyətin bölgü prinsipinə sadiq qalan Cümhuriyyət liderləri qısa zamanda qanunvericilik orqanını, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentini formalaşdırmış və Azərbaycan ərazisində yaşayan bütün xalqların Parlamentdə təmsil olunmasına ən yüksək səviyyədə şərait yaratmış və 1918-ci il dekabrın 7-də Parlamentin təntənəli surətdə açılışı baş tutmuşdur.
Cümhuriyyətimizin və Cümhuriyyət Parlamentimizin 100 illik yubileyi münasibətilə cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq tarixçilərimiz tərəfindən gərgin zəhmət hesabına ərsəyə gələn sanballı bir tədqiqat işinin dövlətimizə və dövlətçiliyimizə mühüm bir töhfə verəcəyini düşünürük!
www.yenicag.az