"İran öz quyusunu qazır" – ŞƏRH
“İran özü əhalisini Amerika hərbi əməliyyatları ilə qarşı-qarşıya qoyur.”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.
Şərhçi İran rəsmilərinin BƏƏ, Bəhreyn və Küveytdə yerləşən ABŞ bazalarının təxliyə edilməsi çağırışını sərt tənqid edərək İranı öz quyusunu qazmaqda günahlandırıb:
“ABŞ və İran arasında davam edən qarşılıqlı zərbələr son nəticədə genişmiqyaslı müharibəyə çevriləcək. Bu təhlükəni ilk növbədə İran rəsmiləri görməlidirlər və anlamalıdırlar ki, əməliyyatlardan ən çox zərər görən dinc İran sakinləridir. Təqribən 4000 sakin hərbi əməliyyatlar zamanı öldürülüb. ABŞ qarşısında belə kəskin tələblər qoymaq ona gətirib çıxaracaq ki, ABŞ yenidən hərbi əməliyyatlara başlayıb strateji obyektləri vurmağa cəhd edəcək. İran isə Amerikanı vura bilməz. Bazalara endirilən zərbələr isə İrana vurulan zərbələrə bərabər deyil, ola da bilməz. Bu səbəbdən İran gərginliyin tərəfdarı olmamalıdır, amma çox təəssüf ki, İran gərginliyi yaradan əsas tərəfdir.
Son qarşılıqlı zərbələr İranın gəmilərə zərbə endirməsindən sonra başladı. ABŞ isə buna cavab olaraq İranı vurmağa başladı. Razılaşma olub, memorandum imzalanıb, öncədən Hörmüz boğazından keçid üçün ödəniş alınmayacağına dair öhdəlik götürülüb. Bu gəmilərin marşrutuna belə İran tərəfi müdaxilə edə bilməz. İran nəyin bahasına olur-olsun boğazdan keçən gəmilərdən ödəniş almaq istəyir. Bütün bunlardan zərər çəkən də İranın özü olur. İnsanlar ölür, şəhərlər dağılır, ölkə blokadaya alındıqdan sonra iqtisadiyyat çox ağır duruma düşüb və bundan sonra da bu ağır durum davam edəcək.
Təəssüf ki, İran əlinə düşən imkandan istifadə edib sülh razılaşmasının imzalanmasına, sanksiyaların götürülməsinə, həbs olunmuş aktivlərin azad olmasına nail olmaq əvəzinə, belə qeyri-konstruktiv yol tutub və nəzərə almaq istəmir ki, qarşısındakı beynəlxalq hüququ tanımayan, özünü istədiyi hər şeyi etməkdə haqlı sayan Amerika kimi zorba bir dövlətdir. Bu zorba dövlətin qarşısında İran heç nə edə bilməz. Son nəticədə ən çox zərər çəkən İranın günahsız dinc əhalisi, dağıdılan şəhərləri, sıradan çıxan strateji obyektləridir. Belə davam edərsə, hərbi əməliyyatlar daha genişmiqyaslı formaya keçəcək.
Nurlan Cəfəri













