Azərbaycan-Qazaxıstan danışıqları: Xəzərin xilasına aparan yollar araşdırılır
“Qazaxıstanla əlaqələrimizin daha da dərinləşməsi üçün tarixi əsaslar mövcuddur. Eyni kökdən, soydan olmağımız, ortaq tarixi və milli-mənəvi dəyərləri paylaşmağımız münasibətlərimizin sağlam, dayanıqlı əsaslar üzərində inkişafına zəmin yaradır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri həm ikitərəfli kontekstdə, həm Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində (TDT), həm də digər beynəlxalq qurumlar daxilində inkişaf edir:
“Vaxtilə Qazaxıstanla münasibətlər sadəcə ortaq tarix, dil, mədəniyyət üzərindən inkişaf edirdisə, bu gün TDT-nin daha da güclənməsi, regionun siyasi və iqtisadi konfiqurasiyasının dəyişməsi nəticəsində Azərbaycan və Qazaxıstan üçün vacib olan təhlükəsizlik məsələləri də müzakirə olunur. Bu amilin özü, hər şeydən öncə, tam müstəqil siyasətin təzahürüdür. Təhlükəsizlik məsələsi isə müasir dövrdə yalnız hərbi komponentlə məhdudlaşmır. Onu da xatırladaq ki, TDT-nin sayca on ikinci Zirvə görüşü də sülh və təhlükəsizlik mövzusu üzərində qurulmuşdu. Deməli, proseslər ardıcıl və sistemli şəkildə davam edir”.
Millət vəkili Xəzər dənizinin təhlükəsizliyi məsələsinə də toxunub:
“Bu, bütün Xəzəryanı dövlətlər üçün həssas məsələ olmalıdır. Müasir dövrdə Xəzərin dayazlaşması bir çox zərərli iqtisadi və ekoloji təsirlərə malik olmaqla, qlobal miqyasda narahatlıq doğuran problemdir. Bu proses kənd təsərrüfatının azalmasına, əhalinin miqrasiyasına, ictimai sağlamlıq risklərinin artmasına, iqtisadi qeyri-sabitliyə səbəb olur. Hər şeydən öncə Xəzəryanı dövlətlər arasında güclü idarəetmə sistemi yaradılmalıdır. Dövlət başçımızın da bildirdiyi kimi, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir. Resursların hərtərəfli idarə olunması baxımından yeni yanaşmalar ortaya qoyulmalıdır. Xəzərin dayazlaşması hidroloji dövrü pozur. Bu amil isə onsuz da gərgin olan şəhər infrastrukturlarına mənfi təsir göstərir”.
A.Badamov əlavə edib ki, suyun keyfiyyət standartlarının aşağı düşməsi ictimai sağlamlıq vəziyyətini də pisləşdirir:
“Bu da öz növbəsində sosial və iqtisadi bərabərsizlikləri dərinləşdirir. Xəzəryanı dövlətlər ortaq addımlar atmalı, qabaqcıl monitorinq sistemləri quraşdırmalıdırlar. Ətraf mühitin deqradasiyası və yeraltı suların tükənmə səbəbləri dərindən araşdırılmalıdır. Burada həm yerli ehtiyaclar, həm də mövcud çatışmazlıqlar siyasi inteqrasiya ilə əlaqələndirilməlidir. Bu baxımdan effektiv strategiyaların həyata keçirilməsinə mütəxəssislər, siyasətçilər və maraqlı tərəflər cəlb olunmalıdır. Resursların idarə edilməsini təşviq etmək üçün bütün Xəzəryanı dövlətlər müştərək, sistemli və koordinasiyalı fəaliyyət göstərməlidirlər. Burada məsələ bir tərəfdən iqtisadi diversifikasiyadırsa, digər tərəfdən əsas məqsəd hərtərəfli risklərin minimallaşdırılmasıdır. Risklərin azaldılması isə itkilərin qarşısının alınmasına, ümumi faydanın artmasına gətirib çıxaracaq”.
Onun sözlərinə görə, Xəzər dənizi ümumi sərvətimizdir və onun adı ilə yanaşı “risk” sözünün işlədilməsinin özü belə minimuma endirilməlidir:
“Azərbaycan və Qazaxıstan liderləri siyasi nizamı dərindən dərk edirlər. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev geosiyasi nüansların incəliklərinə yaxından bələddirlər. Ölkə başçımızın Qazaxıstan Prezidentinin dəvəti ilə 20-21 oktyabr tarixlərində nəzərdə tutulan dövlət səfəri gücün konsolidasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu konsolidasiya Xəzər dənizi üzrə əməkdaşlıq üçün də xüsusi əhəmiyyət kəsb edir. Səfər öncəsi Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi, mövcud vəziyyətin ciddi narahatlıq doğurduğuna işarədir. Azərbaycan Prezidenti bu cür məsələlərdə hər zaman proaktiv yanaşma nümayiş etdirən liderdir. Odur ki, İlham Əliyevin Xəzəryanı dövlətlərin diqqətini bu problemə bir daha cəlb etməsi, ortaq addımlarda gecikməməyin vacibliyinə toxunması olduqca əhəmiyyətlidir”.
Məlik Məlikov