“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb
“Azərbaycan xalçaları” jurnalının növbəti, XII nömrəsi çapdan çıxıb.
Jurnal “Azərilmə” şirkətinin rəhbəri, Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradovun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilən “Azərbaycan xalça sənətinin himayədarı” adlı məqaləsi ilə açılır.
Jurnalda Xalq Rəssamı Tahir Salahovun yaradıcılığından bəhs edən “Kətandan xalçaya” məqaləsi, Londonda nəşr edilən “HALI” jurnalının baş redaktoru Ben Evans ilə müsahibə, 4 nömrəli penitensiar müəssisədəki xalça sexindən reportaj və digər materiallar dərc edilib.
Nəşrdə “Azərilmə” şirkətinin əməkdaşlarının Azərbaycanın bir sıra regionlarına tədqiqat xarakterli səfərləri haqqında materiallar da öz əksini tapıb. “Azərbaycan xalçaları “Metropoliten” muzeyində” sərlövhəli məqalədə isə şirkətin əməkdaşlarının dünyanın müxtəlif muzeylərində saxlanılan Azərbaycan xalçaları barədə apardıqları araşdırmaların nəticələri şərh edilir.
Onu da qeyd etmək lazımdır ki, oxucular bu jurnalın hər bir nömrəsində xalçaçılığın tarixi sahəsində yeni tədqiqat materialları, maraqlı reportajlar və müsahibələrlə tanış ola bilərlər. (azertag.az)