"Azərbaycan yeni qlobal mərkəzə çevrilib" — BMT ölkəmizi ən yaxşı COP təşkilatçısı KİMİ TANIDI

media-hightechnic-468x90

“Biz beynəlxalq ictimaiyyətin etibarını qazanmışıq və təhlükəsizlik məsələlərində ölkəmiz böyük rol oynayır.”

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

media-img_1121

O, bir zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan Qərbin sonradan ölkəmizə qarşı dəyişən mövqeyinin əsas səbəblərini şərh edib.

Deputat bildirib ki, biz regionda təhlükəsizlik nizamı yaratmışıq, həmçinin sülhə nail olmuşuq.

“Qlobal səviyyədə münaqişələrin həllində Azərbaycan liderinin iştirakı gözlənilir. Çünki Azərbaycan hər zaman istənilən əməkdaşlığa töhfələr verib. Təbii ki, bu, Azərbaycanın uzun illər ərzində qazandığı etimadın nəticəsidir. Biz beynəlxalq ictimaiyyətin etibarını qazanmışıq və təhlükəsizlik məsələlərində ölkəmiz böyük rol oynayır.

Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci zirvə görüşünün regional təhlükəsizliyə həsr olunması təsadüfi deyildi. Azərbaycan bu sahədə ciddi təcrübəyə malikdir. Həmin ölkələr Azərbaycanı regionda çoxşaxəli xarici siyasət yürüdən mərkəz kimi qəbul edirlər.

Azərbaycan artıq Orta Dəhlizin əsas dövlətlərindən biri hesab olunur. Mövqelərimiz oxşardır, kimliyimiz, dilimiz, dinimiz, etnik baxışlarımız yaxın olduğu üçün xarici siyasətdə də oxşar yanaşmalar tətbiq edirik. Bunun nəticəsində biz yeni bir qlobal mərkəzə çevrilmişik. Türk Dövlətləri Təşkilatı artıq öz reallıqlarını formalaşdırır.

Əməkdaşlıqlarımızı gücləndirərkən burada təkcə hərbi və müdafiə qabiliyyətinin güclü olması, yaxud ticarətin inkişafı əsas deyil. Bu, həm də təsir imkanlarının genişlənməsi, tərəfdaşlıqların çoxalması, ölkəyə inam və etimadın artması deməkdir. Məsələn, biz Qoşulmama Hərəkatına uğurlu ev sahibliyi etdik. Bu, BMT-dən sonra ən böyük qlobal təşkilatdır. Azərbaycanın uğurlu ev sahibliyi qlobal məsələlərin həllinə mühüm töhfə verdi.

Eyni zamanda, COP29-da da biz artıq iqlim dəyişmələri kimi qlobal əhəmiyyətli məsələlərdə istiqamətverici ölkə kimi çıxış etdik. COP prosesinin nə qədər çətin olduğunu bütün dünya bilir. Burada maliyyə ilə bağlı qərarların qəbulu həmişə çətin olur. Azərbaycan belə həssas məqamda qlobal Şimal ilə qlobal Cənub arasında körpü rolunu oynadı və uğur əldə edildi. Yəni, qlobal maliyyə hədəflərinin üç dəfə artırılmasına nail olundu.

Bu səbəbdən Qərb mediası belə etiraf etdi ki, Azərbaycan çox yüksək səviyyədə təşkilatçılıq nümayiş etdirdi. Cəmi on ay vaxtımız var idi. Bu müddət ərzində həm danışıqlar üzrə kontentdə, həm də infrastruktur və logistika məsələlərində tam uğur qazandıq. Bütün qonaqlar da razı şəkildə ölkəni tərk etdilər.

Uğurlarımız ilk növbədə Prezident İlham Əliyevin düzgün idarəçiliyinin nəticəsidir. Bu uğurun qarşısında duran əsas amillərdən biri də tədbirin keçirilməsi qərarından dərhal sonra təşkilat komitəsinin yaradılması idi. Burada sağlamlıq, qida təhlükəsizliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, bir sözlə, tədbirin keçirilməsi üçün zəruri olan bütün sahələrin rəhbərləri təmsil olunurdu.

Bəzən Qərb mediasında kampaniyalar aparılırdı ki, təhlükəsizlik orqanlarının nümayəndələrinin komitəyə daxil edilməsi nə dərəcədə doğrudur. Lakin praktika göstərdi ki, təhlükəsizlik olduqca vacib məsələdir. 196 ölkədən nümayəndə gəlir, bu nə deməkdir? Sağlamlıq böhranı ola bilər, qida zəhərlənməsi baş verə bilər, müəyyən aksiyalar təşkil oluna bilər. Elə Braziliyada baş verən yanğın hadisəsi və icmalar arası münaqişə buna bir nümunədir.

Biz isə bütün risklərin qarşısını vaxtında alan, profilaktik tədbirləri öncədən həyata keçirən ölkə kimi tarixə düşdük. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bürosu da Azərbaycanı rəsmi olaraq ən yaxşı COP tədbiri təşkil edən ölkə kimi tanıdı”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa