Son 5 ay ərzində ölkəmizə 15 min tondan çox ət idxal olunub. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabatda bu haqda məlumatlar öz əksini tapıb.
Məsələ ilə bağlı “Xəzər TV”-də yayımlanan “Xəbər ertəsi” verilişində maraqlı araşdırma efirə gedib. Süjetdəki sorğuda iştirak edən respondentlərin əksəriyyəti yerli istehlakçıların məhsullarından istifadə etdiklərini bildiriblər: “Çox vaxt marketlərdən ət almırıq, gözümüzün qarşısında kəsilən dananın ətindən almaq daha yaxşıdır”.
Xaricdən gətirilən ətin keyfiyyətinə və dadına etibar etməyən sorğu iştirakçıları isə bildiriblər ki, belə heyvanların saxlanma şəraitinə də diqqət yetirilməlidir.
Bəs idxal olunan əti kimlər alır və harada istifadə olunur? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyir ki, ölkəmizə əsasən iribuynuzlu mal və toyuq əti idxal olunur. Bu məhsullar isə əsasən istehsalatda istifadə edilir :“Xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosis və konservləşdirilmiş qidalarda istifadə olunur. Xərclərin aşağı salınması, eləcə də əhaliyə ucuz və keyfiyyətli məhsulların təqdim edilməsi istehsal prosesini həyata keçirən şirkətlərin başlıca məqsədlərindəndir”.
İqtisadçının sözlərinə görə, konservləşdirmə müəssələri bu yolla məhsulun maya dəyərini 50 faizə qədər azalda bilirlər. Ruslan Atakişiyev bəzi ictimai iaşə obyektləri və dönərxanaların da bu üsuldan yararlandıqlarını istisna etmir.
Paytaxtdakı dönərxanaların birində fəaliyyət göstərən Cavid usta isə deyir ki, idxal olunan ətlər rənginin qaralığı və dadı ilə yerli məhsullardan seçilir: “Buna görə də biz Buzovna qəsəbəsində yerləşən fermamızdan gələn ət məhsullarından istifadə edirik”.
Qeyd edək ki, Azərbaycana mal əti daha çox Belarus, Braziliya və Hindistandan, diri ev quşları isə Türkiyə, Rusiya və Gürcüstandan gətirilir.
www.yenicag.az