Azərbaycana soyuducu gətirən yük qatarı yandı
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib.
Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik xəsarət alanlar barədə məlumat verilmir.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.
N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir.
Faktla bağlı araşdırma aparılır (ans).