Azərbaycanda 7 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,3 % artıb.
Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin iyul ayında istehlak qiymətləri 2024-cü ilin eyni ayına nisbətən 5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,2 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % azalıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 % azalıb.
İyulda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının, azalma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % artıb. Qeyri-qida mallarından daha çox artım yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, azalma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyulda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə iyuna nisbətən 0,4 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanaların göstərdiyi gecələmə xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.