Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.
Yenicag.az xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət məlumat verib.
Onun sözlərinə görə, ailədə üç qardaş olublar: “Mən və qardaşlarımdan biri hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib. Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bizim evə gətirilib? Yəni mənim qardaşım fəraridir? Belə səhv ola bilməz”.
Şikayətçi bildirir ki, mərhum R.İbrahimova 2008 və 2010-cu ildə iki dəfə çağırış gəlib, müayinədən keçib: “O zaman qardaşımı çağırış vərəqəsi əsasında hərbi hissəyə apardılar və bir gün sonra onu hərbi xidmətdən geri gödərdilər ki, bu uşaq xəstə olduğu üçün hərbi xidmətə yararsızdır. Yaxşı, mən başa düşmürəm, hərbiyə yararsız diaqnozu olsa da, qardaşma təkrar 2019-cu il mayın 14-də hərbi xidmət üçün yenidən çağırış vərəqəsi nəyə görə gəlib? Bu necə olur? Axı qardaşımın ölüm sənədi və hərbi bileti, xəstəliyi haqda bütün sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindədir”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsindən ONA-nın yerli bürosuna verilən məlumata görə, şəhər və rayon qeydiyyat şöbələrinin hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməlidir. Lakin belə bir sənət təqdim olunmadığına görə Şamaxı rayonu Avaxıl kəndində yaşayan 1987-ci il təvəllüdlü İsgəndərov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.
Yerli kənd icra nümayəndəliyi isə bildirib ki, rayonun Avaxıl kəndində yaşayan və sonra dünyasını dəyişən Rauf İbrahimovun ölümü haqqında şəhadətnamə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə vaxtında təqdim olunub.
www.yenicag.az