Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər – “İdxalın həcmi azalarsa…” – Vahid Məhərrəmov

“Oliqarxların taxıl istehsalına da “əl qoymalarına” baxmayaraq, istehsalda heç bir artım yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının yaratdığı mövcud şəraitdə ölkənin aqrar sektorunun düşdüyü vəziyyəti şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.

Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının yüksək səviyyədə inkişaf etdirilməsi üçün kifayət qədər potensial var. Lakin bu resurslardan səmərəli istifadə edilməməsi aqrar sektorun inkişafını əngəlləyir:

“Azərbaycanın kəndlərində yaşayan kifayət qədər işçi qüvvəsi var. Halbuki bəzi dünya ölkələrində işçi qüvvəsinin çatışmazlığı kənd təsərrüfatının inkişafına mane olur.

Ökədə hər il 2 milyon ton süd istehsal olunur. Lakin Azərbaycanda südə olan illik tələbatın həcmi təqribən 4,3 milyon tondur. Kəndlərdə yaşayan əhalinin bir hissəsi heyvandarlığın inkişafına yönəldilərsə, bundan kifayət qədər əlavə gəlir əldə edə bilərik. Bu, kəndlilərin sosial vəziyyətinə də müsbət təsir edər.

Eyni zamanda, ölkədə hər il 330 min ton ət istehsal olunur. İdarəetmə düzgün həyata keçirilərsə, ət istehsalını iki dəfə artırmaq mümkündür. Hazırkı vəziyyətdə demək olar ki, kəndlilər işə təşviq olunmur. Ona görə də istehsalda azalma müşahidə edilir, kəndlilər isə işsiz qalırlar.

Bununla yanaşı, oliqarxların taxıl istehsalında iştirakı artmaqdadır, onlar bu sahəyə də “əl qoyublar”, öz ərazilərini genişləndirirlər. Lakin buna baxmayaraq, istehsalda heç bir artım yoxdur. Ona görə də, kəndlilərə məsləhət verən yüksək ixtisaslı peşəkar kadrlar olmalıdır ki, ölkə üzrə hər hektardan 60-70 sentner taxıl götürmək mümkün olsun”.

Vahid Məhərrəmov qeyd edib ki, hazırda kənd təsərrüfatı ilə məşğul olan sahibkarların vəziyyəti xeyli ağırlaşıb və buna görə də dövlətin onlara dəstək verməsi vacibdir:

“Mövcud şəraitdə kənddə yaşayan əhali üçün vəziyyət olduqca gərgindir. Xüsusilə də faraş tərəvəzçiliklə məşğul olan sahibkarlarımız ciddi zərərə uğrayıblar. Bu sahibkarlar məhsulu, əsasən, Rusiya bazarına çıxarmaq üçün istehsal edirdilər.

Lakin bu gün Rusiya bazarına çıxardıqları məhsulu sərfəli qiymətə sata bilmirlər, hətta bəzi sahibkarlar oraya məhsul göndərməkdən tamamilə imtina ediblər. Daxili bazarda isə təklif aşağı olduğu üçün ucuzlaşma var.

Buna görə də hökumət kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara xüsusi diqqət göstərməlidir. Ən azından sahibkarların istifadə etdiyi kommunal xərclər dövlət tərəfindən ödənilməlidir. Əks halda, qısa müddətdə məhsuldarlıq xeyli aşağı düşəcək”.

Gülşən Şərif