“Azərbaycanda borcalanların 33 faizi “orta” kateqoriyadadır”
Ölkə üzrə borcalanların skorinq göstəriciləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Kredit Bürosunun Məhsul rəhbəri Kamal Mirzəyev bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 4,9 milyon şəxsin skorinq profili formalaşıb və onların 3 milyonunun aktiv skor balı mövcuddur: “Bu borcalanların cari skorlarının kateqoriyalar üzrə paylanması aşağıdakı kimidir: pis kateqoriyada – 8%, kafi kateqoriyada – 26%, orta kateqoriyada – 33%, yaxşı kateqoriyada – 21% və əla kateqoriyada – 11%”.
Kamal Mirzəyev bildirib ki, borcalanların böyük hissəsinin “orta” kateqoriyasına düşməsi əsasən uzunmüddətli öhdəliklər, borc yükü və kredit sayı kimi faktorlarla bağlıdır./Trend/












