!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dönər biznesinin SAĞLAMLAŞDIRILMASI: “Dönərxanaların cəmi 5 faizi...” – Eyyub Hüseynov

!Reklam – Yazi

“Ölkədə nümunəvi dönərxanalar yaradılmalıdır ki, insanlar rahatlıqla standartlara uyğun hazırlanmış dönər ala bilsinlər”.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, aidiyyatı dövlət qurumları ilə birgə dönər biznesi üzrə ixtisaslaşan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yeni layihəyə start verilir.

Qeyd olunur ki, yeni layihə çərçivəsində paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur.

Sağlamlaşdırma tədbirlərinin dönərxanaların fəaliyyətinə mümkün təsirlərini dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkədə mövcud olan dönərxanaların əksəriyyəti standartlara uyğun qaydada işləmir:

“Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir. Məlumdur ki, dönərxana biznesi gəlirli sahələrdən biri hesab olunur. 5 il bundan əvvəl dövlət orqanları tərəfindən dönərxanaların fəaliyyətini tənzimləyən standart qaydalar qəbul olunub. Buna baxmayaraq, ölkədə cəmi 2 müəssisə dönərxana fəaliyyəti üçün nəzərdə tutulan standartlara cavab verir.

Ümumilikdə dönərxanaların 5 faizi belə həmin standartın tələblərinə uyğun fəaliyyət göstərmir. Halbuki əhalinin qidadan zəhərlənməsində dönərxanaların rolu az deyil. Bu baxımdan, AQTA-nın nəzərdə tutduğu layihənin reallaşdırılması zəruridir. Ölkədə nümunəvi dönərxanalar yaradılmalıdır ki, insanlar rahatlıqla standartlara uyğun hazırlanmış dönər ala bilsinlər.

Sağlamlaşdırma prosesi fonunda rəsmi şəkildə dönərxanaların sayının azalması isə gözlənilən deyil. Sadəcə, ola bilər ki, sözügedən proses bəzi dönərxanaların iqtisadi yollarla sıradan çıxmasına yol açsın. Sağlamlaşdırma prosesi fonunda vətəndaşların maarifləndirilməsinə də ehtiyac var ki, dönər alarkən diqqətli olsunlar”.

Gülşən Şərif

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv