!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ətraf mühitin MÜHAFİZƏSİ: Bizə həyat verən təbiəti necə qoruyuruq?

!Reklam – Yazi

İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir.

Hər kəsə məlumdur ki, təbiət insanların yaşayış mühitinin formalaşması, cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edilməsində əvəzsiz rola malikdir. Elə buna görə də 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında təbiətin qorunması naminə 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Ətraf Mühitin Mühafizəsi Günü hər il geniş tədbirlərlə qeyd edilir. Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq edib. Həmin yol xəritəsinə atmosfer havasının çirklənməsinin sağlamlığa təsirləri haqqında məlumat bazasının genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin havanın çirklənməsinə dair hədəflərinə istiqamətlənən monitorinqlərin aparılması və hesabatların hazırlanması, bütün səviyyələrdə – yerli, milli, regional və qlobal səviyyədə əməkdaşlıq imkanlarının artırılması kimi fəaliyyətlər daxildir.

Atmosfer havasının çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vasitələrdir.

Artıq bir çox inkişaf etmiş ölkələrdə təbii resursların qənaətlə istifadə edilməsi, habelə ətraf mühitin mühafizəsi məqsədilə Avropa standartlarına keçilib. Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə enerji effektivliyini təkmilləşdirən texnologiyalardan, habelə davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal, hidroelektrik) istifadə geniş miqyas alıb.

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsiri güclənir, bu da yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əsas məqsədi iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə konsentrasiyalarının stabilləşməsinə nail olmaqdır. Bu səviyyə, ekosistemlərin iqlim dəyişikliyinə təbii olaraq uyğunlaşmasına imkan vermək, qida istehsalının təhlükəyə məruz qalmamasını təmin etmək və iqtisadi inkişafın dayanıqlı şəkildə davam etməsinə imkan yaratmaq üçün kifayət edə bilən zaman çərçivəsində əldə edilməlidir.

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusi ilə də plastik tullantıların düzgün idarə olunmaması ilə bağlı yaranan problemlərdir. Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində qalması, nəticədə miqdarının ilbəil artmasıdır. Avropa İttifaqına üzv dövlətlər tərəfindən qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq və bu tullantıların ətraf mühitə təsirini azaltmaq məqsədilə qablaşdırma tullantılarının təkrar istifadəsi sisteminin formalaşdırılması ilə bağlı tədbirlər görülür. Eyni zamanda, nəzərdə tutulan hədəflərə nail olmaq üçün qablaşdırma tullantılarının, o cümlədən plastik qablaşdırma tullantılarının geri qaytarılması və ya toplanması, təkrar emalı üçün sistemlər tətbiq edilir. Bir sıra Avropa ölkələrində qablaşdırma materiallarının toplanması, utilizasiyası, təkrar emalının maliyyələşdirilməsi qeyri-kommersiya təşkilatları (fondlar) tərəfindən həyata keçirilir. Ümumilikdə, bu sahədə aparılan işlər, tətbiq olunan mexanizmlər nəticəsində hazırda qablaşdırma tullantıları tullantı kimi deyil, təkrar emal materialı kimi yeni əhəmiyyət qazanmışdır. Nəticə etibarilə, bəzi ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülüb və bu işlər davam etdirilməkdədir.

Bu baxımdan prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi təsadüfi deyil. “Ekologiya ili” çərçivəsində ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və ətraf mühitin qorunmasını təmin edəcək bir sıra işlər həyata keçirilib. Ölkədə ətraf mühitin sağlamlaşdırılması məsələlərinə göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına da təkan verib.

Ölkəmiz müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb.

Bununla yanaşı, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən dəyərin göstəricisidir. Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirdi. IDEA, həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər keçirərərk dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etdi. Hazırda da İDEA İctimai Birliyinin təşəbbüsü çərçivəsində respublikada genişmiqyaslı ağacəkmə kampaniyası davam edir. İDEA İctimai Birliyinin digər bir layihəsi isə “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı əsasında keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” aksiyası idi ki, bu aksiya çərçivəsində də Balaxanı poliqonunda 5 min kvadrat metr ərazi yaşıllaşdırılıb. Əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması isə mühüm məsələlərdəndir. Son illər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə mövcud olan boşluqların doldurulması üçün böyük imkanlar açır.

Planetimizin ekoloji problemlərinin yarandığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Ekoloji tərbiyənin təməli ailə və uşaq bağçasında atılır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Əks halda qarşı ətraf mühitə, flora və fauna aləminə qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Özümüzün və övladlarımızın sağlam gələcəyi üçün ətraf mühiti qorumaq hər birimizin borcu olmalıdır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv