“Tibb bacısı analiz nəticələri olmadan zəli prosedura edib, bunun nəticəsində anamın qanına infeksiya keçib”.
Bunu Yenicag.az-a “Aqua Sport” adlı müəssisənin tibbi normalara əməl etmədən göstərdiyi xidmətin verdiyi fəsadlar barəsində şikayətini bildirən Xəyalə Qulammirzəyeva deyib.
Onun sözlərinə görə, sözügedən müəssisə tibbi göstəriciləri nəzərə almadan xidmət göstərməyə çalışıb, ancaq daha böyük fəsadlara səbəb olub.
“Öncə nəzərə almaq lazımdır ki, zəli doğru və düzgün şəkildə, analizləri nəzərdən keçirdikdən sonra qoyulmalıdır. Lakin həmin müəssisənin Zülfiyyə adlı sertifikatlı tibb bacısı heç bir norma gözləmədən prosedura başlayıb. Bunu isə “ananız elə istədi”, sözləri ilə əsaslandıraraq, məsuliyyəti öz üzərindən atmağa çalışır. Sertifikat tələb olunduqda isə göstərməyib. Ancaq bu işi görən, özünü peşəkar adlandıran şəxs, həmçinin müəssisə mütləq qan analizini nəzərdən keçirib xidmət göstərməlidir.
Fəsadlar çox pisdir. Həm qana infeksiya keçib, həm də allergik simptomlar özünü göstərməyə başlayıb. Mövcud vəziyyətlə bağlı müəssisəyə şikayətimi bildirdikdə özünü səlahiyyətli adlandıran şəxslərdən biri qərəzli formada yaxınlaşdı. Və məndən infeksiyanın zəlidən keçdiyinə dair arayış istədi. Əlavə olaraq, arayış olarsa, lazımi dəstəyi göstərəcəklərini dedi.
Mənə isə dəstək yox, peşə fəaliyyətinin dərinliyini bilmədən anamı bu hala salanların öz cəzasını çəkməsidir. Ziddiyətli məqamlardan biri isə administratorun məsələyə müdaxilə edərək “bizim müəssisədə zəli qoyulmur” deməsidir”, – deyə şikayətçi bildirib.
Baş verənlərlə bağlı sözügedən müəssisə ilə əlaqə saxladıqda zəli müalicəsinin müəyyən fəsad verəcəyini bildiklərini, lakin zəlinin pasiyent tərəfindən gətirilərək, müalicə istəndiyini deyiblər.
Baş vermiş hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət etsək də, ekspertizanın nəticələrinin gözlənməyi istənilib. Ekspertizanın rəyi və aidiyyatı qurumların müəssisə ilə bağlı tədbirlərini dərc etməyə hazırıq.
www.yenicag.az