!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda iqtisadi inkişafın ƏSAS LOKOMOTİVİ: Azad sahibkarlığın yolu “kötük”lərdən necə təmizlənir?

!Reklam – Yazi

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə liberal iqtisadiyyatın formalaşması prioritet sahələrdən birinə çevrilib.

1991-ci ildə yeni müstəqillik qazanan Azərbaycan iqtisadiyyatının ayağa qalxması üçün müəyyən işlərin görülməsi vacib idi. Buna görə də ölkədə ilk növbədə sahibkarlar üçün müəyyən şərait yaradılmasına diqqət yetirildi. Bu məsuliyyəti isə ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə öz üzərinə götürdü. Beləliklə, ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün islahatlara başlanıldı.

Heydər Əliyev sahibkarlar təbəqəsini Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsi hesab edirdi. Ölkənin sosial-iqtisadi inkişafının bilavasitə sahibkarların fəaliyyətindən asılı olduğunu söyləyirdi. Buna görə də ümummilli lider həm yerli sahibkarlarla, həm də xarici investorlarla vaxtaşırı görüşlər keçirir, onların problemlərini öyrənir, qarşılaşdıqları maneələrin aradan qaldırılması məqsədilə müvafiq hökumət orqanlarına lazımi tapşırıqlar verirdi.

heyder

Ulu öndər deyirdi: “Azərbaycanda sahibkarlıq işi , bazar iqtisadiyyatına keçid başlanandan Azərbaycanın müxtəlif hökumət orqanları cürbəcür yoxlamalarla, müdaxilələrlə sahibkarların işlərinə mane olmağa cəhd göstəriblər. Mən bu barədə bir neçə Fərmanlar vermişəm və Azərbaycanda hüquq mühafizə orqanlarının və başqa nəzarət orqanlarının sahibkarlara mane olmaması tələblərini qoymuşam”.

Qeyd edək ki, liberal iqtisadiyyat özəl sektorun  payının çox olduğu və üstün mövqe tutduğu, qanunvericilik tərəfindən sahibkarlıq subyektlərinin dövlətin inzibati təsirlərindən qorunduğu, dövlət tənzimlənməsinin məhdud xarakter daşıdığı, ümumdaxili məhsulda dövlət büdcəsinin payının daha az olduğu bir iqtisadi sistemdir. Liberal iqtisadiyyat xalqlar arasında ticarətin asanlaşdırılmasını, məhsul və xidmətin azad hərəkətini, hər iki tərəfin maksimum yararlana biləcəyi iqtisadi fəaliyyəti nəzərdə tutur. İqtisadiyyatın müxtəlif sahələrində özəl sektorun payının çox olması dövlətin yükünün və  büdcə xərclərinin azalması, vergi daxilolmalarının artması baxımından da əhəmiyyətlidir. Bu baxımdan iqtisadiyyatın liberallaşması üçün azad sahibkarlıq mühitinin yaradılması başlıca vəzifələrdən biridir. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Məlumdur ki, iqtisadiyyatın heç bir elmi əsaslandırma olmadan, kortəbii şəkildə liberallaşdırılması iqtisadi inkişafa təkan vermir. Eyni zamanda, iqtisadi fəaliyyətə hədsiz dövlət müdaxiləsi də tərəqqiyə aparmır. Bu məsələdə hər bir ölkənin milli xüsusiyyətləri, mövcud imkanları ön plana çıxarılmaqla ən optimal modelin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan bütün qeyd olunan məqamlar nəzərə alınmaqla, artıq öz mütərəqqi inkişaf modelini müəyyənləşdirib. Bu modelin gələcəkdə daha da təkmilləşdirilərək ölkəmizin davamlı tərəqqisinə, xalqımızın rifahına xidmət edəcəyi şübhə doğurmur.

Bu fonda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzar fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə prezident İlham Əliyevin qərarı ilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Bu fond vasitəsilə maliyyə bazarlarından ehtiyatların cəlb olunması və uyğun kredit mənbələrinin formalaşdırılması, bu məqsədlə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadəsi, sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsi  istiqamətində iş aparılır. Eyni zamanda sahibkarlarla məmurlar arasında birbaşa təmasların azaldılması və iş adamları üçün prosedurların asanlaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər görülür.

Hər bir ölkədə sosial sahənin inkişafı iqtisadiyyatın, biznesin inkişafından asılıdır. İqtisadiyyatı möhkəm olmayan bir ölkədə heç bir sosialyönümlü məsələlərin həllindən danışmaq mümkün deyil. Məhz buna görə də müasir dövrdə ölkəmizin başçısı İlham Əliyev sahibkarlığın inkişafına böyük önəm verir, ölkənin sosial-iqtisadi tərəqqisində onların rolunu xüsusi qeyd edir. Ölkəmizdə yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun azaldılmasında özəl sektorun xüsusi payı var. Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə ölkə başçısı tərəfindən 2014-cü ildə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. 2004-cü ildən bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 16 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər əksini tapıb. Bu da bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib.

2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edilib.

Dövlət başçısının 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məqsədi də mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etməkdən, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiq etmək və onların  ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir.

Özəl sektorun ən böyük paya sahib olduğu iki sahə var. Bunlar kənd təsərrüfatı (özəl sektorun payı 99,9 faiz) və ticarət (99,8 faiz) sahələridir. Sənayedə özəl sektorun payı 85,6 faiz, tikintidə 84,6 faiz, rabitədə 80,8 faiz, nəqliyyatda 80 faiz, sosial və sair xidmətlərdə 53,2 faizdir. Göründüyü kimi, sosial və sair xidmətlər nəzərə alınmasa, özəl sektorun payı 80 faizdən yüksəkdir. Özəl sektorun iqtisadiyyatda payının bu səviyyəyə çatması qısa müddətdə baş verməyib.

Azərbaycanda özəlləşməyə start verildiyi 1995-ci ildə özəl sektorun payı 34 faiz idi. 2000-ci ilə qədər aqrar və ticarət, iaşə sahəsində özəlləşdirilmə yekunlaşdırıldığından burada ÜDM-nin formalaşdırılmasında özəl sektorun dominantlığı yarandı. Həmin ildə ÜDM-də özəl sektorun payı 70,8 faizə yüksəldiyi halda kənd təsərrüfatında 99 faizə, ticarət və xidmət bölməsində 98,3 faiz oldu. Sonrakı illərdə adıçəkilən sahələrdə aparılan özəlləşdirmə və digər tədbirlər sayəsində ÜDM-də özəl bölmənin payı 99,3 faiz səviyyəsinə yüksəldi. İndi bu sahələrdə özəl sektorun üstünlüyündən danışmaq olar.

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması hədəflənib. Yeni strateji dövr üçün müəyyənləşdirilən prioritetlərdən biri də ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu ilə bağlıdır. Sənəddə bildirilir ki, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl sektor əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.

Sənəddə vurğulanıb: “Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir”.

Bəhs olunan sənədlə müəyyənləşdirilən dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat prioriteti ilə ölkəmizdə liberal iqtisadiyyatın təşviq edilməsinə və sahibkarlıq mühitinin daha da optimallaşdırılmasına hesablanaraq ardıcıl şəkildə reallaşdırılan tədbirlər bir-birini tamamlayır. Bunu son vaxtlarda sahibkarlara praktiki müstəvidə göstərilən dəstək tədbirlərinin əhatə dairəsinin genişlənməsi bir daha təsdiqləyir.

Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda, kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişikliklərinə operativ reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha effektiv şəkildə doldura bilirlər. Bundan əlavə, kiçik və orta sahibkarlıq orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitlik təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü, mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir.

Hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 80 faizədək artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Eyni zamanda, bu gün sahibkarlıq subyektləri ölkə vətəndaşlarının əmək bazarına inteqrasiyasının genişlənməsinə mühüm töhfələr verir.

Yeri gəlmişkən, sahibkarlıq subyektləri Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə keçirilən “Məşğulluq marafonu”na məmnuniyyətlə qoşulublar. İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri təklif olunub. Artıq 28 sahibkarlıq subyekti tərəfindən 60 nəfər işlə təmin edilib. Qeyd edək ki, KOBİA-nın ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən “KOB dostları” tərəfindən “Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlıq subyektlərinə müvafiq vakant iş yerlərinin elektron sistemə daxil edilməsi üçün də dəstək göstərilir.

Sahibkarlıq sektorunda bir sıra hallarda inhisarçılıq əlamətləri də özünü büruzə verir və bu, iqtisadi inkişafı, azad rəqabəti əngəlləyir. İnhisarçılıqla mübarizə tədbirləri genişmiqyaslı və sistemli iş olmaqla iqtisadiyyatın bir sıra sahələrində korrupsiyaya və rüşvətxorluğa yol açan meyllərin qarşısının alınmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar ümumilikdə strateji məqsəd hesab olunmaqla, həm də ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsinə öz töhfəsini verir. Məhz bu amilləri nəzərə alan prezident İlham Əliyev inhisarçılığa rəvac verə biləcək faktorların qarşısının alınması üçün lazım olan bütün tədbirlərin görülməsini aidiyyəti orqanların qarşısında başlıca vəzifə kimi qoyub. Prezident İlham Əliyevin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, dövlət başçısı qeyd olunan neqativ halların qarşısının alınmasına birbaşa öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər edir. Bu, eyni zamanda, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.

Ümumilikdə son bir neçə ildə ölkəmizdə əldə olunan sürətli inkişaf tempi, güclü ordu quruculuğu, sosial siyasətin yüksələn xətlə inkişafı və sair bu kimi amillər onu göstərir ki, Azərbaycan Avropa ilə Asiyanın arasında yeni bir güc mərkəzi kimi ortaya çıxıb və bir çox məqamlarda həlledici söz sahibidir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv