Azərbaycan-Britaniya Kollecində ənənəvi bilik sərgisi keçirilib.
Yenicag.az xəbər verir ki, sistem mövzusuna həsr olunan builki tədbirdə beynəlxalq və özəl məktəblərin şagirdləri olan gənc ixtiraçılar iştirak ediblər.
Şagirdlər dərslərdə öyrəndikləri nəzəri bilikləri sərgidə praktiki olaraq həyata keçirmək imkanı qazanıblar və öz bacarıqlarını göstəriblər.
Sinif yoldaşı Cəmil Şabanovla birlikdə yeni kəşflərini nümayiş etdirən Cəmil Vəliyev iştirakçılara inkubator aparatını (cücə çıxaran aparat) təqdim edib.
C.Vəliyev deyib ki, aparatın içərisinə çox sayda yumurta düzərək 24 gündən sonra cücə əldə ediblər. O bildirib ki, cücələri sağlam şəkildə yetişdirmək üçün aparatın istilik dərəcəsini normaya uyğun olaraq quraşdırıblar. Cücə çıxarmaq üçün aparatın temperaturu 38 dərəcə, nəmliyi isə 60-70 faiz olmalıdır.
Sərgidə cücələrin yumurtadan çıxana qədər olan dövrü özündə əks etdirən görüntülər də yayımlanıb. Eyni zamanda cücənin necə formalaşmasını göstərən məlumat lövhəsi də sərgi iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan-Britaniya Kollecinin şagirdləri Kembric imtahanına hazırlaşırlar. Bundan əlavə, şagirdlərin beynəlxalq yarışmalara getmək imkanları da var. Ona görə bu yarışmada qalib olan şagirdlər həm məktəbi, həm də ümumilikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəklər.
www.yenicag.az