Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması istiqamətində görüləcək işlərə dair təqdimat keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Təqdimat iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən strategiyanın hazırlanması üzrə İşçi Qrupun 1-ci iclasında baş tutub.
Bildirilib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilmiş iclasda İşçi Qrupun Katiblik funksiyasını həyata keçirən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən Qrupun fəaliyyət prinsipləri, ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələr barədə məlumat verilib.
İclasda İşçi Qrup üzvlərinin təkilfləri dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrup yaradılıb.
www.yenicag.az