Azərbaycanda sosial media xaosu: Dünyada başlayan bu trendə niyə qoşulmuruq?

media-hightechnic-468x90

Avstraliyanın 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya qadağa tətbiq etməsi dünya miqyasında ciddi rezonans doğurub.

Yenicag.az xəbər verir ki, bu qərar sadəcə simvolik addım deyil, real nəticələri olan bir proses kimi qiymətləndirilir. Qanun qüvvəyə mindikdən sonra “Instagram“ və “TikTok“ başda olmaqla, böyük platformalarda milyonlarla hesab bağlanıb və ya dondurulub. Avstraliyanın Baş naziri Entoni Albanese bunu açıq şəkildə “uğur” adlandırıb.

Ardınca gələn ölkələr

Avstraliyanın bu addımı digər ölkələr üçün də ciddi nümunəyə çevrilib. Fransa parlamentində gənclərin sosial mediaya çıxışının və məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması müzakirə edilib. İsveçrə və Almaniya mediası bu prosesi “dövlətlərin rəqəmsal dövrdə yenidən nəzarətə qayıdışı” kimi şərh edir. Danimarka, Hollandiya və İrlandiya da oxşar yaş məhdudiyyətlərini hüquqi müstəvidə müzakirəyə çıxarıb. Asiyada isə Yaponiya və Cənubi Koreya ümumi qadağaya deyil, məktəb və yerli səviyyədə tətbiq olunan məhdudiyyətlərə üstünlük verir.

Texnologiya nəhəngləri niyə narahatdır?

Bu qərarlar texnologiya şirkətlərini ciddi şəkildə narahat edir. Çünki “Instagram“ və “TikTok“ uzun illərdir əsas böyüməni məhz gənc istifadəçilər hesabına təmin edirdi. Əgər yaş məhdudiyyəti bir neçə böyük ölkədə qanuniləşsə, platformaların istifadəçi artımı zəifləyə, reklam gəlirləri və alqoritm modelləri ciddi zərər görə bilər.

Məsələ təkcə rəqəmlər deyil

Mövzu artıq “zərərli kontent var” sualından kənara çıxıb. Müzakirələr daha çox “platformalar uşaqların diqqətindən limitsiz istifadə edə bilərmi?” sualına yönəlib. Bu isə təkcə texnoloji deyil, həm də mənəvi bir hədd kimi qiymətləndirilir.

Türkiyə də prosesə qoşulur

Qardaş ölkə Türkiyədə də oxşar addımlar gündəmdədir. Ailə və Sosial Xidmətlər Nazirliyi 15 yaşdan aşağı uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılması ilə bağlı qanun layihəsi üzərində işləyir. Təkliflərə görə, 3 yaşdan aşağı uşaqlar üçün tam qadağa, 13–16 yaş arası üçün isə valideyn razılığına əsaslanan sistem nəzərdə tutulur.

Son statistikaya görə, Türkiyə əhalisinin təxminən 70 faizi aktiv sosial media istifadəçisidir. Araşdırmalar göstərir ki, 6–15 yaş qrupunda sosial mediadan istifadə çox geniş yayılıb; 11–15 yaş aralığında bu göstərici təxminən 79 faizə çatır. Xüsusilə “TikTok“ Türkiyədə geniş auditoriyaya malikdir və istifadəçilərin əhəmiyyətli hissəsinin 18 yaşdan aşağı olduğu ehtimal edilir.

Azərbaycanda vəziyyət necədir?

Gündəmdə olan sosial media məhdudiyyətləri fonunda Azərbaycanda da bu mövzu aktuallığını qoruyur. Hazırda ölkəmizdə uşaqların sosial mediaya çıxışı ilə bağlı ayrıca və sərt yaş qadağası tətbiq edilmir. Mövcud yanaşma daha çox ümumi qanunvericilik, valideyn nəzarəti və platformaların daxili qaydaları üzərində qurulub. Lakin son illər yeniyetmələrin sosial mediadakı həddindən artıq aktivliyi cəmiyyətdə ciddi narahatlıq doğurur.

Araşdırmalara görə, Azərbaycanda sosial media istifadəçilərinin əhəmiyyətli hissəsini gənclər təşkil edir. Ümumi istifadəçilər arasında 18 yaşdan aşağı olanların payının təxminən üçdə birə yaxın olduğu bildirilir. Xüsusilə 10–16 yaş arası uşaqların “TikTok“, “Instagram“ və oxşar platformalarda olduqca fəal olduğu müşahidə olunur.

Valideyn məlumatları ilə daxil olma problemi

Azərbaycanda diqqət çəkən əsas problemlərdən biri də yaş məhdudiyyəti olan platformalara uşaqların valideyn məlumatları ilə daxil olmasıdır. Bir çox hallarda uşaqlar valideynin telefon nömrəsi, elektron poçtu və ya şəxsiyyət məlumatları ilə hesab açırlar. Bu isə real nəzarəti faktiki olaraq mümkünsüz edir. Platforma rəsmi olaraq yaş həddi qoysa da, praktikada bu məhdudiyyət asanlıqla aşılır.

Mütəxəssislər bildirir ki, bu vəziyyət təkcə texniki məsələ deyil, həm də ciddi sosial problemdir. Valideynlərin bir qismi risklərin fərqində olmadan uşaqlarına öz hesabları üzərindən giriş imkanı yaradır; nəticədə uşaq yaşına uyğun olmayan məzmunla qarşılaşır. Bu isə psixoloji travmalar, aqressiv davranışlar və asılılıq riskini artırır.

Ümumilikdə, dünyada müzakirə olunan bu tendensiya Azərbaycanda da gec-tez hüquqi müstəviyə keçə bilər. Mövcud vəziyyət göstərir ki, təkcə qanun deyil, eyni zamanda valideyn məsuliyyəti və real nəzarət mexanizmləri olmadan bu problemin qarşısını almaq çətindir.

Belə görünür ki, Avstraliyada atılan addım tək bir ölkənin qərarı yox, qlobal bir prosesin başlanğıcıdır. Sosial medianın gələcəyi artıq təkcə texnologiya şirkətlərinin deyil, dövlətlərin və cəmiyyətlərin də əsas gündəmindədir.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa