“Döyüş meydanında məğlub olanların arxasında dayanan beynəlxalq güclər diplomatik-ideoloji müstəvidə Azərbaycana qarşı cəbhə açıblar”.
Bu fikirləri Azərbaycanın daxili siyasətində müşahidə olunan durğunluğun səbəblərinə toxunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.BAP sədri bildirib ki, ölkənin mövcud vəziyyətində daxili siyasətdəki susqunluq normal haldır:
“Son dövrlər siyasi partiyaların fəaliyyətində süslük hiss olunur. Bu da ölkənin qarşısında duran ərazi bütövlüyünün bərpası vəzifəsinin hələ yeni yerinə yetirilməsi və Ermənistanla münasibətlərin hələ tam nizamlanması ilə bağlıdır.
Düşünürəm ki, belə də olmalıdır. Çünki bizim üçün ən ümdə məsələ ölkəmizin təhlükəsizliyinin təmin olunmasıdır. Bəli, 2020-ci ildə 44 günlük müharibə və bu ilin sentyabrında baş tutan antiterror əməliyyatları sayəsində əsas problemimizi həll etdik.
Lakin Azərbaycana qarşı ciddi basqılar var və bu təzyiqlərin gücləndiyi açıq görünür. Döyüş meydanında məğlub olanların arxasında dayanan beynəlxalq güclər diplomatik-ideoloji müstəvidə Azərbaycana qarşı cəbhə açıblar.
Şəxsən biz, Böyük Azərbaycan Partiyası olaraq, belə olan məqamda daha mütəvazi davranmağa üstünlük veririk. İnanırıq ki, hakimiyyət, müxalifət, siyasi təşkilatlar bu məsələdə vahid mövqedən çıxış etməlidir. Tənqidimiz olanda da, bunu nisbətən yumşaq formada ifadə etməyə çalışırıq. Ancaq gələn il seçki ili olduğundan, siyasi fəallığın artacağını gözləmək olar”.
Səxavət Məmməd
www.yenicag.az