“Bazarda tələbin yaradılması üçün daha keyfiyyətli pambıq istehsal etmək lazımdır”.
Bu fikirləri ölkədə pambıqçılığın mövcud vəziyyətini dəyərləndirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, sovet dövründən qalma ənənələrin davam etdirilməsi bu sahəyə mənfi təsir göstərir.
“Əslində, ölkədə bu sahənin inkişafına külli miqdarda vəsait ayrılıb. Xaricdən yeni, ən müasir pambıqyığan maşınların tədarükü həyata keçirilir. Məhsul mövsümündə bir maşınla min hektar ərazidə yığım həyata keçirmək mümkündür. Bu hesabla yüz min hektara min kombayn bəs edərdi. Lakin gətirilən pambıqyığan maşınların sayı 500 ədəddir.
Digər tərəfdən, ölkədə yerli pambıq sortları yetişdirilməlidir. Məhsulun yetişmə və yığım vaxtı arasındakı müddət uzun olmamalıdır. Yəni proses iki mərhələdə bitməlidir. Yığım prosesi isə pambıqyığan maşınlarla aparılmalıdır. Elə pambıq sortları var ki, texnika ilə yığım aparıldıqda, itkiyə yol verilmir.
Qarışıq və digər sortlar olduğu halda, texnika ilə yığım aparmaq çətinləşir və nəticədə əl əməyinə ehtiyac duyulur. Əl əməyi ilə yığım isə sahibkarlara sərf etmir. Çünki məhsuldarlıq aşağı səviyyədədir. Üstəlik, yeni gətirilən sortlar iplik olduğundan, çəkisi də az olur.
Əsas problemlər pambıq sortlarının yerli şəraitə uyğun olmaması, toxumun keyfiyyətsizliyi, su çatışmazlığı və başqa səbəblərdən qaynaqlanır. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bu problemlər çox dərindir. Hökumət bu istiqamətdə müəyyən qərarlar qəbul etsə də, adıçəkilən sahənin dirçəldilməsində irəliləyiş yoxdur.
Sovet dövründən qalma ənənələrin davam etdirilməsi də bu sahəyə mənfi təsir göstərir. Amma nəzərə alınmalıdır ki, o zamanlar texnologiya və yanaşmalar da fərqli idi. Sovet dönəmində məhsulun sifarişçisi dövlət olduğuna görə istənilən növ pambığı qəbul edirdi. İndi isə bazar iqtisadiyyatıdır, hər məhsulu bazara çıxarmaq mümkün deyil. Bazarda tələbin yaradılması üçün daha keyfiyyətli pambıq istehsal etmək lazımdır. Təəssüf ki, ölkədə keyfiyyətli pambıq istehsal edilmir”.
Yusif Səmədzadə
www.yenicag.az