Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərkən xəsarət almış şəxslərin sosial və hüquqi müdafiəsinin təmin edilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilməkdə olan ardıcıl və kompleks islahatlara baxmayaraq, öz şəxsi maraqları naminə vətəndaşların hüquqlarını pozan, xidməti vəzifələrindən sui-istifadə etməklə onlara süni maneələr yaradan vəzifəli şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən qətiyyətli tədbirlər davam etdirilməkdədir.
Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, bu cür tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1.200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1.200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb, xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülüb.
Aparılmış araşdırmalarla, 19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanıb, 17 sentyabr 2003-cü il tarixdə ehtiyata buraxılıb və 25 oktyabr 2013-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə rəy verilmiş Asif Məlikova 6 min 600 manat məbləğində icbari sığortanın ödənilməsi haqqında Nəsimi rayon məhkəməsinin müvafiq qərarının icra edilməsi müqabilində Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovun 2020-ci ilin noyabr ayının əvvəllərində Asif Məlikovdan 1.200 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə, 17 noyabr 2020-ci il tarixdə filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış material üzrə 17 noyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Öz fəaliyyətlərində yol verdikləri qanunsuzluqlarla dövlət orqanlarının nüfuzuna xələl gətirən, onların uğurlu fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində müvafiq tədbirlər davam etdirilir.
www.yenicag.az