“Artıq dünya nizamı dəyişib. Gördüyümüz budur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycanın bu siyasətə yanaşmasını şərh edib.
Onun sözlərinə görə, bu bir reallıqdır ki, bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir:
“Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsində bildirdiyi kimi, Azərbaycan da qlobal transformasiyanın ilkin mərhələsindədir və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Bu gün bizim gəldiyimiz nəticə budur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Hələ ki beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Ancaq biz Azərbaycan olaraq qlobal nizamı olduqca düzgün qiymətləndirməliyik”.
Həmsöhbətimiz əlavə edib ki, geriyə baxdığımızda görürük ki, Prezident İlham Əliyev ölkənin milli maraqlarını həmişə öndə tutub xalqın iradəsinə arxalanaraq, həmişə düzgün qərarlar verməklə xarici əlaqələrdə Azərbaycanı mühüm mövqelərə gətirib:
“Bu da onu deməyə əsas verir ki, milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik gözümüzün qabağında baş verir. Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Azərbaycan həmişə öz ayaqları üzərində durmağı bacardı. 44 günlük Vətən müharibəsində bizim heç kimdən asılı olmamağımız bizə qələbəni gətirdi. Azərbaycan müstəqil qərar verməyə qadir bir ölkə kimi öz torpaqlarını işğaldan azad etdi və bu gün heç kim bizimlə diktə dilində danış bilmir”.
“Cənab Prezidentin bu məsələyə çox maraqlı və vacib bir yanaşması onun necə uzaqgörən bir siyasətçi olduğunu göstərir: “Əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki, əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”. Bu sitat hər şeyi ortaya qoyur ki, məhz Prezident İlham Əliyevin düzgün siyasəti bu gün bizi güclü bir dövlətə çevirib”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az