!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın milli maraqlarına münasibətdə ermənidən yüz qat artıq ermənilik edənlər...” – Siyasi ekspert

!Reklam – Yazi

“Qəribə mənzərə yaranıb. Ölkənin ictimai-siyasi ab-havasını zəhərləyən, cəmiyyəti qütblərə parçalamaq üçün gecə-gündüz vurnuxan, söyüşü, təhqiri, böhtanı siyasi mübarizənin əsas elementinə çevirmək üçün dəridən-qabıqdan çıxan, Azərbaycanın milli maraqlarına münasibətdə ermənidən yüz qat artıq ermənilik edən, dövlətçilik ənənələrimizə, dəyərlərimizə, milli mədəniyyətimizə, varlığımıza qarşı savaş açan vətən xainlərinin önünə sözdən sipər çəkən bir ovuc insan “ortada yeyib kənarda gəzən”, “harada aş olsa, orada baş olan”, yalnız özlərini qorumaq üçün SUSAN (süsən)-sünbül ziyalıların da hədəfinə tuş gəliblər”.

Yenicag.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib:

“Üzdə hər şeydən danışırlar – Vətəndən, millətdən, Turandan… Tanrı dağlarından vurub, Savalandan çıxırlar, amma bircə dəfə də olsun əlahəzrət mətləbdən – Azərbaycan dövlətini, xalqını, birliyimizi, bütövlüyümüzü, milli kimliyimizi hədəfə alan, Vətənimizi paramparça etmək istəyən çeşidli qütblərin maraq ovçularından, sapı özümüzdən və özgələrdən olan “balta”lardan söz açmırlar, konkret mövqe sərgiləmirlər, sərgiləyənləri də məsxərəyə qoyurlar… Kuluarlarda tez-tez qulaq şahidi oluram dediklərinə: “Gördün, filankəsi necə söydülər”, yaxud, “Yaxşı dərsini verdilər” deyib xosunlaşır, daha “kreativ” söyüş və təhqirlər tapmaq üçün bir-biri ilə yarışa girir, simasızlıqlarına qafiyə tuturlar. Bunlar milli dəyərlərin daşıyıcısı, təbliğatçılarıdır… Böyük amallar uğrunda mübarizə aparırlar. Bunların Vətən, Millət anlayışlarının sərhədləri çox genişdir, xırda-xuruş məsələlərə baş qoşmaq istəmirlər, “reputasiya”larını, adlarını, “yüksək” mövqelərini qoruyurlar… Birdən Azərbaycana qarşı savaş açan şərəfsizlər camesi mənsublarının, “Sorosun küçükləri”nin, saatlarının əqrəbləri şimallı-cənublu bədxahlarımızın qol, divar, yaxud Qum saatlarının əqrəbləri ilə sinxron hərəkət edən vətənsizlərin qınağına tuş gələrlər, urvatdan, hörmətdən düşərlər, üzərlərindəki saxta ziyalı zirehlərinin pulcuqları tökülər…”.

E. Mirzəbəyli bildirib ki, son bir neçə ayda əqidəsi, mövqeyi, siması bütöv və bir olan nə qədər dəyərli insanımız heç bir əsas olmadan, sadəcə ölkəmizin maraqlarını müdafiə etdikləri, konkret mövqe sərgilədikləri üçün linç edilib:

“Nə qədər üzü də əqidəsi, mövqeyi kimi bir olan həmvətənimiz, soydaşımız, həmkarımız təhrif edilən, kontekstdən çıxarılan fikirlərinə görə ən alçaq, ən iyrənc təhqirlərə məruz qalıb? Özünüz yazmırsınız, danışmırsınız, cəhənnəm, heç olmasa, yazanları, danışanları bircə kəlmə sözlə müdafiə edin! Müharibədə ön və arxa cəbhə olur. İndi ön cəbhədə ola bilmirsiniz, başa düşdük, buna zadınız, yəni cəsarətiniz çatmır. Heç olmasa, arxa cəbhədə nə isə eləməyə çalışın. Məsələn, elə bil ön cəbhədə savaşanlar üçün “mətbəxdə yemək hazırlayırsınız”, yaxud “kartof-soğan soyursunuz”… Kəsəsi, heç olmasa, “mən də buradayam” deyib varlığınıza bir işarə edin ki, “yerinizi-yurdunuzu” bilək! Vətənsevərliyin, milli ideya, düşüncə sahibi olmağın ünvanı daldalandığınız, kölgələndiyiniz yerlərdə deyil, göz önündə, söz önündədir. Bu qədər bəsit…”.

“Adını nə qoyursan qoy, xarakterin, ətrafında baş verən hadisələrə açıq və birmənalı münasibətin yoxdursa, deməli həqiqəti edam kötüyünə ötürənlərin sırasındasan… Hamı üçün yaxşı olmağa çalışan, sağın yanında sağdan, solun yanında soldan vuran və həqiqət udan “qara dəlik” olduqları halda, “qızıl orta” kimi görünməyə çalışanlar dünyanın ən təhlükəli adamlarıdır… Tərəflər arasında var-gəl etməklə cəmiyyətdə üstün mövqeyə yiyələnməyə çalışanlar, mənafe vasitəçiləri də həmçinin” – deyə, siyasi ekspert bildirib./MediaPost/

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv