!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın Suriyaya hərbçi göndərməsi məntiqsizdir" - Hərbi ekspert

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələri Suriyaya 83 nəfərdən ibarət hərbi birlik göndərib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan erməni hərbçilərin Rusiyanın Suriyadakı hərbi qüvvələrinin dəstəyi ilə fəaliyyət göstərəcəklərini bildirib.

Erməni tərəfinin atdığı bu addımdan sonra Azərbaycan hərbçilərinin də Türkiyənin Suriyadakı hərbi qüvvələrin tərkibində fəaliyyət göstərməsi gündəmə gəlib. Bəziləri bunun vacibliyini bildirsə də, digərləri bunu doğru hesab etmir.

Məsələyə hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-da münasibət bildirib.

Tərlan Eyvazov qeyd edib ki, Ermənistanın kiçik hərbi kontingetinin Suriyaya göndərilməsi Rusiyanın rəsmi İrəvana təzyiqinin nəticəsidir:

“Paşinyanın rəhbərliyi ilə Ermənistanda inqilab baş tutanda, onlar Qərb yönümünü götürmüşdülər. Sonradan Rusiyanın Ermənistana olan ardıcıl təzyiqləri Qərb yönümlü Paşinyanın geriləməsinə gətirib çıxardı. Bundan əvvəl də Rusiyanın ən yaxın müttəfiqləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində olan istər Qazaxıstan, istərsə də Belarus rəsmi Moskvanın təklifinə baxmayaraq, müxtəlif bəhanalərlə bundan imtina etdilər. Ancaq Ermənistanın keçmiş rəhbərliyi Suriyaya getməyə razı olmadısa da, indiki rəhbərlik bu addımı atmalı oldu. Bu, sırf Rusiyanın təzyiqi ilə atılan bir addımdır”.

Azərbaycanın Türkiyənin hərbi qüvvələrinin tərkibində Suriyaya girməsinə gəldikdə isə hərbi ekspert qeyd edib ki, bu, qəliz məsələdir:

“Bu gün dünyada bir çoxları Suriyada rəsmi Bəşər Əsəd hakimiyyətini tanıyır. İran və Rusiya Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlıq edir. Bundan əlavə, bəzi ərəb ölkələri də Bəşər Əsədlə əməkdaşlığa getməyə yönəlirlər. Digər qüvvələr də Bəşər Əsədi qəbul etməsələr belə, onu tamamilə siyasət səhnəsindən silib, atmağa tələsmirlər. Bu məqamda, Azərbaycanın ərazi bütövlüyü problemi olduğu halda bu addımı atması doğru olmazdı. Bəşər Əsəd Abxaziya və Asetiyanı dövlət kimi tanıyıb. Azərbaycan hakimiyyətinin yanlış bir addımı ilə Suriya qondarma Dağlıq Qarabağ Respublikasını tanıya bilər. Ona görə də, Azərbaycan hərbçilərinin oraya göndərilməsi məqsədə uyğun deyil. Bu vaxta qədər beynəlxalq koalisiyanın içərisində Azərbaycan hərbçiləri – Kosovoda, İraqda, Əfqanıstanda xidmət edib. Bu tamamilə BMT-nin mandat verdiyi əməliyyatlar idi və həmin ölkələrin özləri buna narazılıq etmirdi. İstər Rusiya, istərsə də Türkiyə hərbi qüvvələrinin tərkibində Azərbaycan əsgərlərinin Suriyada xidmət etməsi məqsədə uyğun deyil. Ermənistan bu addımı ilə göstərir ki, onun xarici siyasəti qeyri-stabildir. Ermənistan hərbçilərinin Suriyada Rusiya qoşunlarının tərkibində xidmət etməsi Qərb tərəfindən yaxşı qarşılanmayacaq.

Azərbaycan BMT, beynəlxalq humanitar təşkilatlar, İslam Konfransı səviyyəsində humanitar yardımını göstərəcək, ancaq burada hərbi yardımdan söhbət gedə bilməz”.

Ermənistanın Suriyaya 83 nəfərlik hərbi kontingent göndərmək qərarından sonra müəyyən sayda Azərbaycan hərbçilərinin də Suriyadakı Türkiyə silahlı qüvvələrinin nəzarətində olan ərazilərə göndərilməsi ehtimalını Yenicag.az-a dəyərləndirən politoloq Elçin Mirzəbəyli bildirib ki, bizə ilk növbədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi lazımdır.

Elçin Mirzəbəylinin fikrincə, ərazilərinin iyirmi faizi işğal altında olan Azərbaycan Silahlı Qüvvələrinin əsas vəzifəsi ölkənin ərazi bütövlüyünün bərpa edilməsidir:
“Öncə onu deyim ki, Ermənistan ABŞ-ın narazılığından sonra Suriyaya göndərilən hərbçilərinin yalnız sülhməramlı missiyada iştirak edəcəklərini açıqladı. Bunun nə qədər real olduğunu isə zaman göstərəcək.

Məsələnin digər tərəfi bundan ibarətdir ki, Rusiya və Ermənistan eyni hərbi blokda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunurlar. Ermənistan öz hərbçilərini Suriyaya məhz KTMT mandatı ilə göndərir.

Azərbaycanla Türkiyəyə gəldikdə, ölkələrimiz eyni hərbi blokda təmsil olunmurlar. Türkiyə NATO-nun əsas ölkələrindən biridir, Azərbaycan isə ümumiyyətlə, qoşulmamaq hərəkatının üzvüdür. Yəni Azərbaycan hərbçilərinin Suriyadakı Türkiyə hərbi kontingentinin tərkibində təmsilçiliyi üçün hüquqi zəmin yoxdur.

Digər tərəfdən, düşünmürəm ki, Azərbaycan hərbçilərinin Suriyaya göndərilməsi oradakı problemlərin həllinə hər hansı formada təsir göstərə bilər. Unutmayaq ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal altındadır və bizə ilk növbədə öz ərazilərimizin işğaldan azad edilməsi lazımdır.

Düzdür, Azərbaycan hərbçiləri BMT xətti ilə sülhməramlı missiyalarda iştirak edirlər. Ancaq bu iki məsələnin bir-birilə əlaqələndirilməsi doğru olmazdı.

Əgər BMT-nin Suriyada mümkün sülhməramlı missiyasında iştirak üçün Azərbaycana müraciət edilərsə, o halda bu məsələyə baxıla bilər.

Ancaq Azərbaycanın soydaşlarımız yaşayan Suriya və ya İraqa hərbi kontingent göndərməsi məsələsinə emosional və bir qədər provakasion tərzdə yanaşılmasının əleyhinəyəm”.

Səxavət Məmməd

A.Zeynalov

COP29

www.yenicag.az

6728
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv