“Azərbaycan- Rusiya münasibətlərində təyyarə böhranından sonra müəyyən soyuqluq yaranıb. Amma bu soyuqluğun kökləri daha dərindir”.
Bu sözləri Yenicag.az-la söhbətində Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli deyib.
O, düşünür ki, Azərbaycanın Rusiya ilə problemlərinin sərhədi Azərbaycandan daha böyükdür:
“Bizdə normal qonşuluq münasibətləri olsa da, Azərbaycanın Türkiyə ilə qurduğu hərbi, siyasi və strateji müttəfiqlik Rusiyanı qane etmir. Azərbaycanın Qarabağda ərazi bütövlüyü və suverenliyimizi bərpa etməsi və daha sonra Rusiyanın oradan çıxarılması Rusiya elitasında kifayət qədər qıcıq yaratmışdı. Bu, hətta Rusiyanı Qafqazda zəiflədən amilə çevirmişdi. Bunun ardınca Suriyada da Türkiyənin ciddi uğuru və Rusiya və İranın Suriyadan obrazlı desək, qovulması Azərbaycan-Türkiyə tandemini bir daha gündəmə gətirdi. Çünki istər Rusiya, istər Qərb, istər İran, fərq etməz, hər biri Azərbaycan və Türkiyənin birgə siyasət apardığını düşünürlər. Bu, o deməkdir ki, Türkiyəyə qarşı olan neqativ münasibət Azərbaycana, eləcə də Azərbaycana qarşı olan neqativ münasibəti Türkiyəyə qarşı da bəsləyirlər. Əslində, əvvəllər Rusiya ilə Azərbaycan arasında olan problemlər göründüyü qədər deyildi. Görüntüdə normal münasibətlər olsa da, alt qatlarda problemlər mövcud idi. İndi, sadəcə, təyyarə qəzası bu problemlərin üzə çıxması üçün şərait yaratdı”.
Partiya sədri hesab edir ki, Azərbaycanla Rusiya arasında son vaxtlar böyüyən problemlər bundan daha irəli gedə bilməz:
“Hər bir halda mən düşünmürəm ki, münasibətlərin qopma nöqtəsinə qədər gəlməsi mümkün olsun. Çünki birgə layihələr və maraqlar var. Təkcə Şimal-Cənub layihəsi Azərbaycanın da maraqlarına uyğundur. Ona görə ki, Fars körfəzini Baltik dənizinə bağlayan marşrutdur. Ona görə də, düşünürəm ki, bu sahədə ortaq məxrəcə gəlmək mümkün olacaq”.
Nurlan Cəfəri
www.yenicag.az