Azərbaycanlı döyüşçü: “Yol pulunu yerdən tapmışam”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlamasına qərar verilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən, təqsirləndirilən şəxslər Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya gediblər. Tarxan Baturaşvili adlı gürcü əsilli şəxsin başçılıq etdiyi dəstəyə qoşulan təqsirləndirilən şəxslər “Əl-Nüsra” terror təşkilatı ilə əlaqəyə giriblər.
Təqsirləndirilən şəxslər ittihamla razılaşmadıqlarını deyiblər. 1991-ci il təvəllüdlü Eldost Quliyev məhkəmədə verdiyi ifadəsində Suriyaya yaşamaq üçün getdiyini bildirib: “Suriyada Əl-Ərəbiyə kəndində ev tutub yaşayırdım”.
E. Quliyev Suriyaya getmək üçün lazım olan pulu isə yerdən tapdığını deyib.
Proses aprelin 28-də davam etdiriləcək.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərin cinayət işləri qrup şəklində bir neçə yerə ayrılaraq baxılmaq üçün məhkəməyə göndərilib.