Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı mühacirlərin fəaliyyətindən bəhs edən yeni layihəyə başlayıb.
Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, layihə çərçivəsində ötən əsrin əvvəllərindən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən qısa videolar hazırlanaraq təqdim olunacaq.
Layihəyə Türkiyədə yaşayan mühacirlərin həyat hekayələrinin təqdim olunması ilə start verilib. Videoların mətni mühacirlərlə bağlı araşdırmaların müəllifi, “Çapar” tarix jurnalının baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədə məxsusdur.
Qeyd edək ki, mühacirlərin həyatı Azərbaycan diaspor tarixinin öyrənilməsi üçün ciddi əhəmiyyətə malikdir. Mühacirlərin arasında siyasətçilər, ədəbiyyatçılar, hüquqşünaslar, şairlər və digər sahələrdə uğur qazanmış şəxslər olub. Onlar yaşadıqları ölkələrdə həm Azərbaycanın istiqlal mübarizəsini aparıb, həm də öz sahələri üzrə mühüm işlər görüblər.
www.yenicag.az