Azərbaycanlı tələbələr Romada şəbəkə yaratdılar-Foto
Avropada yaşayan azərbaycanlı tələbələri öz əhatəsində birləşdirən Azərbaycan Tələbə Şəbəkəsi İtaliyanın paytaxtı Roma şəhərində də fəaliyyətə başladı.
Yenicag.az xəbər verir ki, 9 Aprel 2015-ci il tarixdə Romada yerləşən Marriott Hoteldə 200-dən artıq qonağın iştirakı ilə təşkilatın İtaliya nümayəndəliyinin açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadiqov, Azərbaycan Tələbə Şəbakəsinin sədri Nazim Əliyev də daxil olmaqla Azərbaycandan və İtaliyadan 200-dən artıq qonaq iştirak etdi. Açılış mərasimini giriş sözü ilə açan Vaqif Sadiqov Avropada oxuyan azərbaycanlı tələbələr arasında koordinasıyanın qurulmasında, onların vətənimiz üçün faydalı olan işlərə cəlb edilməsində təşkilatın önəmini vurğuladı və İtaliya nümayəndəliyinə uğurlar arzuladı.
Öz növbəsində təşkilatın sədri Nazim Əliyev Azərbaycan Tələbə Şəbəkəsinin məqsəd və vəzifələrini qonaqların diqqətinə çatdırdı. Nazim Əliyev bildirdi ki, qurulduğu ildən etibarən təşkilat Avropanın fərqli şəhərlərində təşkil etdiyi mədəni və elmi tədbirlər vasitəsilə ölkəmizi Avropada layiqincə təmsil edir, xalqlar arasında körpü rolunu uğurlu şəkildə icra edir.
Daha sonra mərasimdə çıxış edən Roma İncəsənət Universitetinin rektoru Fabio Mongelli, Sapienza Universitetinin professor Daniel Pommier, ALTA Roma SCPA-nin idarə heyətinin üzvü Clara Tosi Pamphili və digər qonaqlar Azərbaycan və İtaliya arasında əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluq hislərini bildirdilər, ikitərəfli münasibətlərdə xalqlar arasında elmi və mədəni bağların güclənməsində qeyri-hökumət təşkilatlarının önəmini vurğuladılar və bu baxımdan Azərbaycan Tələbə Şəbəkəsinin uğurlu təcrübə olacağına inamlarını ifadə etdilər. Mərasim Azərbaycandan və İtaliyadan incəsənət xadimlərinin iştirakı, opera mügənnisi Məhərrəm Hüseynovun, saz ifaçısı Petra Nachtmanovanın müğənni Simona Caruso və guitarist Mattia Carradori ifası ilə davam etdi