Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Azərbaycanlıların Vaşadzeni dəstəkləmələri münasibətlərin korlanmasına səbəb ola bilməz” – Gela Vasadze

Reklam: Sinerji Pro

“Saakaşvilinin Gürcüstana qayıdaraq, siyasi fəaliyyətini bərpa etməsi yalnız hakimiyyət dəyişikliyindən sonra mümkündür”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra qonşu ölkənin regional siyasətində mümkün dəyişiklikləri dəyərləndirən politoloq, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze deyib.

– Zurabişvili Cənubi Qafqazda ilk qadın prezidentdir. Bundan sonra Gürcüstanın regional siyasətində ciddi dəyişikliklər gözlənilir?

– Regional siyasətdə nə dəyişə bilər? Bilirsiz, Gürcüstanda prezident postu daha çox rəmzi xarakter daşıyır. O baxımdan, regional siyasətdə əlbəttə ki, heç nə dəyişməyəcək. Salome Zurabişvilinin “siyasi tavanı” Bdzina İvanişvili və Fransadır. Sizi inandırıram ki, bundan sonra da Gürcüstanın daxili və xarici siyasətində heç nə dəyişməyəcək.

– Saakaşvili düşərgəsinin məğlubiyyətinin səbəbi nədir? Seçkilərin nəticələrini keçmiş prezidentin siyasi qürubu hesab etmək olar? Əgər belədirsə, Gürcüstan müxalifətinin lideri ola biləcək perspektivli siyasətçi kimdir?

– Əslində, seçkilərdən danışırıqsa, deməliyik ki, bu kampaniyada müxalifət adına Saakaşvili yox, Qriqol Vaşadze iştirak edirdi. Bu, artıq tamam başqa məsələdir. Ona görə də, məncə, Saakaşvilinin qürubundan danışmaq hələ tezdir. O, siyasi miqrant statusunda Avropada yaşayır. Onun Gürcüstana qayıdaraq, siyasi fəaliyyətini bərpa etməsi yalnız hakimiyyət dəyişikliyindən sonra mümkündür.

Müxalifətin liderliyinə kimin keçə biləcəyinə gəldikdə isə Qriqol Vaşadze və daha bir neçə nəfəri göstərmək olar. Saakaşvilinin özü Vaşadzeni Gürcüstan siyasətinin yeni ulduzu adlandırıb. Proseslərdə fəal iştirak edən daha bir neçə müxalif siyasətçi də var. Ümumiyyətlə, Gürcüstanda vahid müxalifət olmayacaq. Hətta 2020-ci il seçkilərindən sonra ölkədə koalision hökumət qurulacaq. Çünki Gürcüstanda vahid liderlik anlayışı həmişəlik aradan qalxıb.

Gürcüstandakı azərbaycanlıların son seçkilərdə Vaşadzeni dəstəkləmələrindən sonra Gürcüstan-Azərbaycan münasibətlərində sərinlik yaranacağı iddia olunur. Bu barədə nə deyə bilərsiz?

– Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyi prezident kreslosunda kimin əyləşməsindən və oradakı azərbaycanlıların hansı namizədə səs vermələrindən asılı deyil. Bizim ölkələrimiz strateji tərəfdaşdırlar və ikisinin də bir-birilərinə ehtiyacı var. Ona görə də münasibətlərin korlanacağını düşünmək doğru deyil. Əksinə, Gürcüstan-Azərbaycan münasibətləri daha da inkişaf edəcək.

Qafqaz Ömərov

www.yenicag.az

2446
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS