“Azərsun” şefindən şifrəli “siqaret” mesajı…
“Azersun Holding”in Müşahidə Şurasının sədri Abdolbari Goozal şirkəti keyfiyyətsiz məhsul istehsal etmələri barədə yazılanlara etiraz edib.
Aprelin 8-də “SABİS SUN” Beynəlxalq məktəblər şəbəkəsinin mediaya təqdimatı mərasimində Abdolbari Goozal jurnalistlərə açıqlamasında bir sıra məqamları açıqlayıb. Məlumatı “Marja” portalı yayıb.
Abdoolbari Goozal bildirib ki, onun şirkəti “Azersun Holding” haqsız gəlir əldə etməkdən uzaqdır:
“Azərsun” başqasının yumurtasını boyuyub, haqsız yerə yüksək gəlir əldə edən təşkilat deyil. Hər gün hamıya tapşırıram ki, boyamayın, həqiqətçi olun. Əgər bir məhsul 1 manata başa gəlirsə, üzərinə 10%-ni əlavə edib, 1 manat 10 qəpiyə satın. Amma satdığın ən ucuz mal insan sağlığına zərər verməməlidir”.
Şirkət rəhbəri siqaret biznesi ilə məşğul olmadığını bəyan edib:
“Azərbaycanda siqaret biznesinə başlasaydım, milyonlar qazanardım. Azərbaycanda siqaret satmaq istəyən şirkətlər ilk dəfə mənim yanıma gəlmişdilər. Ərəb mənə Dubayda çox yalvardı. Dedim ki, “qardaş mən xalqımı zəhərləyə bilmərəm. Mən çıxanda gördüm ki, həyətdə bir “Range Rover” avtomobili var və ərəb avtomobilin açarını mənə verir. Dedim ki, “axı mən sizin nümayəndəliyinizi qəbul etmədim”. O dedi ki, “Mən bu avtomobili sizin şəxsiyyətinizə görə verirəm”. Mən də dedim ki, “Siz özünüzü əhv etdirirsiniz, çünki siqaret satırsınız”. Yəni, biz siqaret satmırıq, biz spirtli içki satmırıq, biz silah satmırıq. Biz insanlara xoşbəxtlik gətirəcək gündəlik ehtiyaclarını qarşılayırıq”.
Şirkət rəhbəri jurnalistləri “lüt gəzən iynə”yə bənzədib. “Mən jurnalist olsaydım, yazdığım xəbəri yüz faiz dəqiqləşdirərdim. Sübut olmadan bir mövzu haqqında yazmazdım. Onsuz da jurnalistlər varlı adamlar deyillər. Jurnalistlərin işi iynənin gördüyü işə bənzəyir. İynə nə edir?! İynə hamını bəzəyir, özü lüt gəzir.Yəni, mətbuat da hamını bəzəyir, özü lüt gəzir”.