“Bağdad paytaxtımızdır” dedi, məhkəmədə ifadə verdi

media-hightechnic-468x90

img1772601Bir qədər əvvəl “Bağdad paytaxtımızdır” deyən Əli Yunisi məhkəmədə ifadə verib, deputatlar isə onun işdən qovulması üçün Həsən Ruhaniyə yazılı müraciət göndəriblər

İranın vitse-prezidenti Əli Yunisinin Bağdad açıqlaması başına bəla olub. Bir qədər əvvəl tələbələr qarşısında çıxışında Bağdadın tarixi İranın paytaxtı olduğunu, Pakistandan Bəsrə körfəzinə qədər böyük bir İran coğrafiyası olduğunu bildirən Yunisinin açıqlaması İranda böyük etirazlara səbəb olub.
Xüsusən də mühafizəkar qanadın nüfuzlu nümayəndələri Yunisinin Bağdad haqda açıqlamasının ümmətçilik düşüncəsinə xələl vurduğunu bəyan edərək, onun cəzalandırılmasını tələb edib. Bir qədər əvvəl isə İran parlamentinin 109 deputatı prezident Həsən Ruhaniyə müraciət edərək Yunisinin vəzifədən çıxarılmasını tələb edib.
Ötən gün isə vitse-prezident Əli Yunisi məhkəməyə çağırılıb və o, söylədiyi fikirlərlə bağlı ifadə verib. Tehran İnqilab Məhkəməsinin sədri mətbuata verdiyi açıqlamada vitse-prezidentin “milli təhlükəsizliyə xələl gətirən” açıqlama verməkdə ittiham olunduğunu bildirib.

İran İslam İnqilabı Könüllüləri – Bəsic qüvvələrinin komandanı, general Məhəmmdə Rza Nəqdi Əli Yunisinin mühakimə olunmasının vacib olduğunu bildirib: “Bəziləri bu şəxsin vəzifədən çıxarılmasını istədi, bir başqaları da digər məsələləri gündəmə gətirdi. Ancaq bunu bilmək lazımdır ki, bu açıqlamalar bir təhqirdir. İslam ümmətini təhqir edən və məqsədli şəkildə təfriqə yaradacaq sözlər söyləyən şəxsin mühakimə olunması lazımdır”.
Xatırladaq ki, İranın keçmiş kəşfiyyat naziri, islahatçı kəsimin nüfuzlu şəxslərindən olan hazırda İran prezidentinin milli və dini azlıqlar üzrə müavini vəzifəsini tutan höccətislam Əli Yunisi bir qədər əvvəl tələbələr qarşısında çıxışında İran coğrafiyasının sərhdlərinin bir çox ölkələri əhatə etdiyini və Bağdadın İran coğrafiyasının paytaxtı olduğunu bildirmişdi. Bu günlərdə kəskin etirazlardan sonra İranın “əl-Aləm” telekanalına müsahibə verən Əli Yunisi sözlərinə düzəliş etməyə çalışaraq, İran, İraq, Pakistan, Əfqanıstan, Orta Asiya və Azərbaycan kimi ortaq tarix, mədəniyyət və din dəyərlərə malik bölgə ölkələrinin inkişafı və birliyinə işarə etmək istədiyini qeyd edib.
Lakin düzəlişlərinə baxmayaraq Yunisinin açıqlaması həm daxildə, həm də xaricə sərt təpkilərə səbəb olub. Hazırda İranın İraqda İŞİD-ə qarşı savaşı dəstəklədiyi və Bağdad üzərində təsirinin gücləndiyi bir vaxtda bu cür açıqlamalar region ölkələrində sərt etirazlara səbəb olur və İranın İraq üzərində güclü təsiri tənqid olunur. Eyni zamanda görünən odur ki, mühafizəkar camiə də islahatçı hökumətin bu cür yanlışlıqlarını bağışlamır və hər fürsətdə vurur.

(musavat.com)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600