Bakı-Xırdalan-Sumqayıt marşrutunda dəmir yolunun əsaslı təmiri başa çatmaq üzrədir. Hazırda son tamamlama işləri görülür. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu bu gün başa çatıb, birləşdirici yol baş yola birləşdirilib.
Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür. Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının söküntüsü başa çatmaq üzrədir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə bu ilin martın 3-də start verilib.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti sentyabr ayının 15-dən təşkil ediləcək. Bu məqsədlə avqustun 20-də daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycanа gətirilib. Bu, ölkəyə gətirilən sayca üçüncü qatardır. “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KİSS” markalı elektrik qatarının birincisi mayın 30-da, ikincisi isə isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilib.
İlin sonuna kimi daha iki elektrik qatarı gətiriləcək.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfə aiddir.
Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” və “Stadler Rail Group” arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. 13 may 2015-ci ildə Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb.
Qatarlardakı qiymətlərə gəlincə, bununla bağlı Tarif Şurasına müraciət olunub və son qərarı həmin qurum verəcək(aznews).
www.yenicag.az