Bakı Tehranla münasibətlərin KONTURLARINI ÇƏKİR: “İran Azərbaycanın etimadını qazanmaq istəyirsə...”
Bakı Tehranla münasibətlərin KONTURLARINI ÇƏKİR: “İran Azərbaycanın etimadını qazanmaq istəyirsə…”
“İran Azərbaycanın etimadını qazanmaq üçün addımlar atmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında İran üzrə ekspert, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas Sədrəddin Soltan bildirib.
Ekspert İranla Azərbaycan arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın artırılması üçün Tehranın öhdəsinə düşən bir neçə vacib addımların atmasını şərt hesab edib:
“İranla Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq, Azərbaycanın enerji gücünün artması, bərpaolunan enerji ilə imkanların daha da çoxalması və Azərbaycan üçün enerji ixracı bazarı olması, İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsi üçün regional enerji bazarının yaradılması imkanları üçün ilk növbədə İranla Azərbaycan arasında siyasi-diplomatik problemlər aradan qalxmalıdır. İran tərəfinin Azərbaycanın etibar və etimadını qazanması vacibdir. Çünki bunlar olmayacağı halda istənilən iqtisadi-ticarət müqaviləsi reallaşmasında əngəllər olur. Bu əngəllərin aradan qaldırılması üçün mütləq tərəflər arasında siyasi-diplomatik problemlərin həlli vacibdir”.
S. Soltan həmçinin qeyd edib ki, əgər İran Azərbaycanın etimadını qazanmaq istəyirsə, xüsusilə səfirliyimizə edilən terror hücumunun günahkarının cəzasını icra etməli, həmçinin bu hücumun pərdəarxasında duran qüvvələri ifşa edib onların da mühakimə edilməsini təmin etməlidir:
“Yalnız bu halda Azərbaycan İrana etimad edə bilər. İran bunun üçün Azərbaycana qarşı ideyalarından əl çəkməsi, İrandakı Azərbaycan səfirliyinə qarşı terror törətmiş şəxsin cəzasının icrası və onun arxasınca duran qüvvələrin ifşa edilərək cəzalandırılması İranın etimad qazanması üçün vacib amildir. Bu həm də perspektivdə bütün qarşılıqlı layihələrin icrasına təkan verə bilər”.
Yenicag.az