Bakı yollarında tramvay dövrü: Tıxaclar azalacaq, yoxsa artacaq?
Hazırda şəhər nəqliyyatında yeni texnologiyalar tətbiq olunsa da, ekoloji baxımdan əlverişli və səs-küysüz olan tramvayların yenidən qayıdışı bir çoxları üçün maraq doğurur. Müasir şəhərsalma və ekoloji siyasət kontekstində, Bakıda tramvayların yenidən istifadəyə verilməsi nə qədər real görünür? Bu, həm nəqliyyat sıxlığını, həm də hava çirklənməsini azaltmağa kömək edə bilərmi?
Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, həqiqətən də tramvay iri şəhərlər üçün ən gözəl ictimai nəqliyyat növlərindən biridir.
“Hətta deyərdim ki, şəhər daxilində, xüsusilə də mərkəzdə yerüstü ictimai nəqliyyatın tramvay kimi növləri həm ekoloji, həm mobilliyin təmin olunması, həm də estetik və əlverişlilik baxımından bütün parametrlər üzrə ən optimal variantdır. Təəssüf ki, Bakıda müstəqillikdən sonra, 2000-ci illərin əvvəllərində tramvay xətləri ləğv edildi. İndi isə bu xətlərin bərpası ilə bağlı ideyalar mövcuddur, çünki o zaman verilmiş qərar kobud bir səhv idi”.
Ekspert hesab edir ki, ən ciddi məsələ tramvayların bərpası üçün iri həcmli investisiyaların qoyulmasının zəruri olmasıdır:
“Bakı şəhərinin Baş planında bu məsələyə yer ayrılıb. Bu ilin yanvar ayında Prezident Bakı və ətraf ərazilərin yol-nəqliyyat infrastrukturu ilə bağlı Dövlət Proqramını təsdiqlədi. Həmin sənəddə göstərilir ki, 2030-cu ilə qədər şəhərdə, ən azı bir istiqamətdə — Mehdiabad, Binəqədi, Gənclik metrosunun ətrafı və 28 May metrosu kimi xətt boyu tramvay xətlərinin bərpası nəzərdə tutulur.
Lakin bu layihənin hansı dərəcədə həyata keçiriləcəyi ilk növbədə yatırılacaq investisiyalardan asılı olacaq. Tramvay xətlərinin salınması və infrastrukturun qurulması böyük həcmdə sərmayə tələb edir”.
Ə. Hüseynov sonda tramvayların bərpası gerçəkləşərsə, bunun şəhərdə tıxacların azalmasına səbəb olub-olmayacağı ilə bağlı sualı da cavablandırdı.
“Əgər tramvay sistemi bərpa olunsa, bu, ictimai nəqliyyata müsbət təsir göstərəcək. Müasir şəhərlərdə, meqapolislərdə əhalinin mobilliyinin təmin olunmasında birinci yerdə həmişə ictimai nəqliyyat dayanır. İctimai nəqliyyat müxtəlif və geniş şəbəkəyə malik olmalıdır: metro, avtobus, tramvay, trollebus, şəhərətrafı qatar və s.
İmkan daxilində bu nəqliyyat növlərinin şəbəkəsi nə qədər böyük və geniş əhatəli olsa, ictimai nəqliyyatın əlçatanlığı da bir o qədər yüksək olar. Bu da əhalinin mobilliyini artırar. İctimai nəqliyyat əlçatan və dəqiq işlədikdə, fərdi avtomobillərə və taksilərə ehtiyac azalır. Nəticədə, bu, şəhər yollarında tıxacların azalmasına gətirib çıxarır. Çünki tıxacların yaranmasında əsas amil fərdi avtomobillərdən və taksilərdən istifadənin yüksək olmasıdır”.(Medianews.az)