Bakıda 80 uşağı eyni vaxtda sünnət etdilər
Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir. Tapşırığın icrasına uyğun olaraq, Binəqədi rayonunda da müvafiq tədbirlər görülür.
Binəqədi rayon İcra Hakimiyyəti və YAP-ın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə humanitar aksiya həyata keçirilib.
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində reallaşdırılan aksiya çərçivəsində rayonda məskunlaşmış məcburi köçkün, aztəminatlı, çoxuşaqlı ailələrdən və valideyn himayəsindən məhrum olan ümumilikdə 80 nəfər uşaq sünnət olunub.
Tədbir dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq yeni təmirdən çıxmış Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Rayon Xəstəxanasında gerçəkləşdirilib. Öncə uşaqlar yüksək standartlara uyğun tibbi müayinədən keçirilib, daha sonra sünnət olunub.
Həmin uşaqlara maddi yardım göstərilib və tibbi paketlər təqdim olunub. Uşaqların valideynləri və yaxınları bayram öncəsi gerçəkləşdirilən xeyriyyə aksiyasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
musavat.com