Bakıda casus qalmaqalı: Əliyev Obamaya cavab verir…

media-hightechnic-468x90

97570_res_01Eynulla Fətullayev

Heç bir şübhə yoxdur ki, bu adamın həyat tarixçəsi birinci “soyuq müharibə” dövrünün kəskin süjetli detektiv əsərinə əla mövzu ola bilər.

ATƏT-in Azərbaycandakı artıq keçmiş səfiri Aleksis Şahtaxtinskinin dramatik hadisələrlə zəngin həyat tarixçəsini vərəqlədikcə sanki Viktor Suvorovun nəfəskəsən romanlarındakı səhnələr – iki sistemin adi insanlara bəlli olmayan sirlərini dünyaya yaymış həmin o qaçqın sovet diplomatı göz önündə canlanır. 40 il əvvəl iki sistemin diplomatlarının və xüsusi xidmət orqanlarının savaşına meydan olmuş Vyanada olduğu kimi xarici agentlərin qaynaşdığı Bakıdakı bu müharibədə də diplomatlar qurban verilir.

Aleks, Aleksis… Qua vadis?

Belə görünür ki, dünyanı bölüşdürmək və dünya düzənini yenidən müəyyənləşdirmək uğrunda yeni savaşa girmiş nəhəng dövlətlərin maraq dairəsinə düşən ölkələr böyük müharibələrdə səhnə körpücükləri rolunu oynamağa məhkumdur.

Azərbaycan səhnəsində amansız və barışmaz müharibə gedir. Bakının qədim və sakit küçələri ilə addımlayan adamlar bu müharibəni heç cür hiss edə bilməz. Amma bircə ehtiyatsız addım, bircə kəskin söz, siyasi səhv bu gizli savaşı həmin sakit və qədim Bakı küçələrində qanlı döyüşlərə döndərər. Hələliksə taleyin ağır hökmü ilə bu iki dünyanın savaşının ən ön cəbhəsində olan diplomatların necə deyərlər, “başı gedir”. Əvvəlcə Aleksin başı getdi, sonra da Aleksisin…

Onlar Aleksis Şahtaxtinskini dayandırmaq üçün daha nələr etmədilər ki?! Onu qadınla şantaj etdilər. Zərfin içində ona “kürü diplomatiyası” göndərdilər. Parisdə dilə tutdular, Vyanada hədələdilər, Vaşinqtonda şirnikləndirdilər.

Aleksis öz oyununu oynayırdı. Lakin ONLAR öz oyununu oynayan diplomatların həqiqətinə məhəl qoymurlar. ONLAR üçün yalnız bir oyun var. Bu oyunun qaydalarına qarşı çıxanlar bununla öz başlarına bəla açır.

“Bax, tindən bıçaqla silahlanmışa adam çıxacaq və intiqam alacaq. Belə şey də ola bilər” – fransız diplomat Bakıda tez-tez getdiyi “Sultan” restoranında çox yaxın dostlarının əhatəsində bu sözləri tez-tez təkrar edirdi.

O, onların iş metoduna yaxşı bələd idi. Məşhur Naxçıvan nəslinin – Şahtaxtinskilərin davamçısı olan bu diplomat təhlükələrin, sınaqların, hətta ölümün düz üstünə yeriyirdi. Məhəmməd Ağa Şahtaxtinskiyə xas anadangəlmə iti ağıl, Əbülfət Şahtaxtinskinin cəsurluğu, Behbud Ağa Şahtaxtinskinin diplomatik istedadı onu dəfələrlə xilas etmişdi.

Buna inanın, mən Fransa xarici işlər nazirinin müşavirindən qəhrəman obrazı yaratmaq fikrindən çox uzağam. Üstəlik onun buna əsla ehtiyacı yoxdur.

Moskvada Aleksey, Bakıda Ələsgər…

Bununla belə o, dünya siyasi Olimpinin zirvəsinə qədər yüksələ bilmiş azsaylı azərbaycanlılardan biridir. Çünki öz karyerası boyunca görünməmiş pillələrə yüksələ bilib. NATO-nun baş katibinin mətbuat katibi olub, NATO-nun Rusiyadakı informasiya bürosunun rəhbəri olub, NATO-nun Moskvadakı nümayəndəsi olub…

Əfsanəvi Xavyer Solana uzaq 1998-ci ildə seçimini əvvəllər Fransanın Zaqrebdəki səfirliyində I katib işləmiş 37 yaşlı fransız diplomatının üzərində saxlamışdı. Solana ən mürəkkəb yerə – Moskvaya məhz onu göndərmişdi. O zaman dünyanı iki yerə bölən xətt Balkanlardan keçirdi. Moskvada “Aleksey” deyə çağırılan Şahtaxtinski isə Balkan böhranının ən yaxşı bilicilərindən biri idi. Aleksisin Balkanlardan yeni geosiyasi savaşın qızışdığı Qafqaz dağlarına gəlişi sonralar – 10 ildən sonra baş verəcəkdi. Və Alekseyi Bakıda Ələsgər deyə çağırmağa başlayacaqdılar…

O zaman isə Balkanlar uğrunda savaş gedirdi.

Rusiya xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, Moskvada məhz Aleksis Şahtaxtinski və onun sələfi Con Larf daha fəal işləmiş, “Rusiya Federasiyasında həm federal, həm də regional səviyyədəki siyasi elitada, habelə elm, ekspert və jurnalist cameəsində ixtisaslı nüfuz agentləri şəbəkəsi yaratmağa nail olmuşdular”.

NATO qoşunları Miloşeviçə qarşı xüsusi əməliyyata başlayan kimi Aleksis Şahtaxtinski Rusiyanın NTV telekanalının efirində göründü və Şimali Atlantika alyansının Yuqoslaviya münaqişəsinə dair mövqeyini izah etdi.

Şahtaxtinski ilə müsahibənin translyasiyası başa çatan kimi Rusiya xarici siyasətinin patriarxı Yevgeni Primakov misilsiz bir qərar qəbul etdi: “Şahtaxtinski Moskvadan sürgün olunsun!”

Ona yır-yığış edib köçmək üçün 24 saat vaxt verdilər. Yeri gəlmişkən, NATO missiyası Şahtaxtinskinin deportasiyasından sonra Moskvadakı fəaliyyətini faktiki olaraq dayandırdı.

Moskvadakı bu hadisələrdən 16 il sonra nələrin baş verdiyinə diqqət edin. Bu dəfə digər beynəlxalq təşkilatın – ATƏT-in nümayəndəsi və yenə də həmin o Aleksis Şahtaxtinski yenə də eyni vəziyyətlə üzləşir. O, geri çağırılır, ATƏT-n Bakı ofisi isə faktiki olaraq bağlanır.

Məlumatları mətbuatdan alanlar üçün deyək ki, Şahtaxtinskinin geri çağırılması, bundan sonra isə ATƏT-in Azərbaycan nümayəndəliyinin ləğvi barədə qərar verilməsi bir vaxtlar nüfuz sahibi olmuş beynəlxalq təşkilatın fəaliyyəti baxımından sensasion sonluq deməyək, amma hər halda tamamilə gözlənilməz oldu.

Şahtaxtinskinin məğlubiyyəti nəfəsini içinə çəkib kəskin süjetli bu detektivin sonluğunu gözləyən məlumatlı adamlardan ötrü isə labüd final idi.

Lakin əgər uzaq 1999-cu ildə Şahtaxtinskinin yolunu kəsənlər yeni Roma legionunu – NATO-nu dayandırmaq istəyi ilə alışıb-yanan, hətta tarixin təkərini geri döndərmək üçün son cəhdini edən, tamamilə ağılsız bir yol seçib Rusiya desantının Priştinaya əfsanəvi hücumunu təşkil edən qüvvələr idisə, 2015-ci ildə onun yolunu üstündə artıq tamamilə başqa qüvvələr dayanırdı. Həmin bu qüvvələr böyük oyunların qaydalarına riayət etməyənləri bağışlamayan adamlardır.

Şahtaxtinski niyə uduzdu? Bəxti gətirməyən diplomatın dolaşıq siyasi labirintdən çıxmaq üçün doğrudanmı başqa yolu qalmamışdı? Ümumiyyətlə, o, özünü bu labirintə niyə salmışdı? Səfirin geri çağırılması nə deməkdir: rezidentin iflası və ifşa olunması, yoxsa güclü rəqiblərlə savaşdakı məğlubiyyət?

ATƏT – “dəmir pərdə”dən qopan daş parçası

Diplomatın həyatında baş verən bu hətta fantastik dərəcədə inanılmaz hadisələrin üzərindəki sirr pərdəsini aralamazdan əvvəl ATƏT-in Bakıdakı nümayəndəliyinin taleyi barədə son hökmü vermiş Azərbaycan hakimiyyətinin əsas motivi üzərində dayanaq. Bu təşkilat bizim ölkədə olmamalıdır! Heyrətə gəlmiş oxucu sual edə bilər: bəs niyə, axı öz ərazilərinin işğaldan azad ediləcəyinə ümidini demək olar ki, itirmək üzrə olan Azərbaycan öz əsas problemini ATƏT kimi təşkilatlarda dayanmadan qaldırmaqda maraqlı deyilmi?

Dünyanın Qarabağ həqiqətlərindən baş aça bilmədiyi o dövrlər daha keçdi. Onların hamısı – qüdrətli dövlətlər və bu dövlətlərin öz əllərində bərk-bərk saxladığı beynəlxalq təşkilatlar bu Qarabağ probleminin düz gözünün içinə baxırlar. Lakin Putinə qədərki dünya düzəni qaydalarına uyğunlaşmış bu təşkilatların heç birinin etnosiyasi münaqişələrin həllinə dair dəqiq və işlək mexanizmi yoxdur. Əllərində olan, tanıyıb-bildikləri yeganə resept münaqişələri dondurmaq və onların alovlanmasının qarşısını almaqdır.

Bəs ATƏT nədir? Bizə Brejnev və Karterdən miras qalmış “dəmir pərdə”dən qopan xırda daş parçasıdır.

Sonradan isə amerikalılar sovet-Amerika münasibətlərinə ilk dəfə yenidən baxılması prosesinin ölü doğulmuş bu körpəsinə nəfəs verib onu həyata qaytarmağa, onu itaət etməyənlərə təzyiq alətinə çevirməyə qərar verdilər. Meyiti dirildilmiş ATƏT-in yenidən həyata qaytarılan bu çürük siyasi orqanizmi qabıqdan və möhtəvadan ibarət idi. Qabıq rolunu rolunu insan haqları oynayır. Mahiyyət isə maraqlar və xüsusi xidmət orqanlarıdır. Vaşinqton, Kerri, Harf və ya Psaki öz dilləri ilə deyə bilmədiklərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), yaxud bu qurumun səfirlərinin dili ilə dedirdilər. Bununla da narazılıq və iradlara müəyyən siyasi çəki verirdilər. Axı bu sözlər bir adamın, bir ölkənin yox, birdən-birə 57 ölkənin sözü, mövqeyi demək idi!

Lakin Vladimir Putin Avropa Şurasının əhəmiyyətini heçə endirdiyi kimi bu təşkilatın da belini qırdı. Rusiya elə bir beynəlxalq və regional vəziyyət yaratdı ki, ATƏT və digər təşkilatlar həmin situasiyada ABŞ Dövlət Departamenti ilə eyniləşmiş oldu. Əgər ATƏT-dən danışırıqsa, elə bilin ki, partiyanı nəzərdə tuturuq. Fərqi yoxdur – Demokratlar Partiyası olsun, ya da Respublikaçılar Partiyası.

Putin bütün qonşularına və özünün Şərqi Avropadan olan bütün tərəfdaşlarına göstərdi ki, əgər istəsə, ATƏT-in istənilən, hətta ən qəzəbli bəyanat və etirazını da mənasız səs-küyə çevirə bilər.

Birqütblü dünya düzəni şəraitində Qərb ATƏT-i transmilli təsisat kimi təqdim etməyə nail olurdusa, Vaşinqtonun Kuba ilə danışıqlar masası arxasına oturduğu, Şimali Koreya məsələsində nə etməli olduğunu bilmədiyi, yeni Yaxın Şərq yaratmağa məcbur olduğu indiki çoxqütblü dünyada ATƏT, Avropa Şurası və “soyuq müharibə”nin qalan digər atavizmləri özlərinin əvvəlki hüdudlarına qayıdıblar.

Azərbaycan mənşəli təcrübəli fransız diplomatı Aleksis Şahtaxtinski Azərbaycandakı missiyasına məhz belə situasiyada başlamalı oldu. Əvvəlcə ATƏT nümayəndəliyinin rəhbəri, amerikalıların adamı olan ispan Herreronun müavini, sonra isə missiyanın layihələrinin koordinatoru vəzifəsində…

Bayerin Vyana tezisləri

Azərbaycan görəndə ki bütün ATƏT missiyası xarici kəşfiyyat xidmətlərinin əməkdaşlarından və agentlərindən ibarətdir, o zaman hökumət dərk etdi ki, Brejnevin və Karterin məhəbbətinin xortlayıb dirilən məhsulunun əsl məqsədi hansısa humanitar layihələr deyil, birbaşa daxili siyasətdir və bütün qüvvələrini bu missiyanın zəiflədilməsinə yönəltdi.

Azərbaycan hökuməti ATƏT missiyasının statusunu layihə koordinatorluğu səviyyəsinə qədər endirərək mühüm nailiyyət əldə edə bildi.

Ötən əsrin 90-cı illərində olduğu kimi Şahtaxtinski çəkiclə zindan arasında qaldı. Azərbaycanda onun namizədliyini daha yumşaq və diplomatik fransızlar irəli sürdülər. Hesab olunurdu ki, Şahtaxtinski familiyalı şəxs Bakıda neft dollarları ilə zəngin, yolagəlməz, bəzən inadkar hökumətlə ümumi dil tapmağa nail olacaq.

Xirosimadan Xersona qədər siyasi kovboyluğun sınaqdan keçirilmiş metodları ilə hərəkət edən amerikalılar isə onun qarşısında aydın dərk edilən, ancaq yerinə yetirilməsi demək olar ki, mümkün olmayan vəzifə qoydular. Aleksisə də Aleksə göstərilən hədəfi göstərdilər – küçə etirazlarının və müxalifətin hakimiyyətlə mübarizəyə səfərbər edilməsi.

Yəni bir tərəfdən, Aleksis Şahtaxtinski ATƏT nümayəndəsi kimi, digər tərəfdən Aleks Qriqoryevs Amerikanın rəngli inqilab layihələrinin reallaşdırılması üzrə institutunun rəhbəri kimi beynəlxalq təşkilatların güclü arsenalını küçə etirazlarının formalaşdırılmasına yönəltməli idi.

Bu vəzifə Şahtaxtinskinin qarşısında birbaşa ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer tərəfindən qoyulmuşdu. Azərbaycan hakimiyyətinin qatı düşməni və böyük permanent postsovet inqilabının baş ideoloqlarından biri olan Bayer sələfi, daha müdrik və ehtiyatlı Yan Kellidən fərqli olaraq Azərbaycanda situasiyanın radikal-mobilizasion inkişafına can atırdı.

Kobud desək, Şahtaxtinski nə etməli idi və o, öz missiyası ərzində Bayeri nədə pis vəziyyətdə qoydu?

Birincisi, Aleksisin qarşısına ATƏT-in qrant və layihələrinin böyük hissəsinin müxalifyönlü QHT-lərə yönəldilməsi tapşırığı qoyulmuşdu. İkincisi, o, inqilabçı və gizli fəalların həbslərinə sərt bəyanatlarla reaksiya verməli idi. Əks halda Bayer hərdən Meri Harfın dilə gətirə bilmədiyini Şahtaxtinskinin adından çatdıra bilmirdisə, bu ATƏT kimə lazım idi?

Üçüncüsü, icazəsiz mitinqlərdə etirazın ifadə edilməsinin güclü monitorinqi həyata keçirilməli və bütün pozuntular qeydə alınmalı idi.

Dördüncüsü, hakimiyyət məmurları ilə mövcud dialoq formatından istifadə edərək tədricən siyasi liberallaşmaya nail olunmalı idi.

Şübhəsiz ki, söhbət siyasi həyatın liberallaşmasına dair amerikan anlayışından gedirdi: bir yığın müxalifətçiyə şəhərin baş meydanında mitinq keçirməyə, çadırlar qurmağa və mərkəzi küçələri bağlamağa icazə vermək, müxalifəti Qərb pulları ilə bəsləyən QHT-lərin xaricdən maliyyələşməsinə əngəl yaratmamaq, daha sonrası isə “Sağ sektor” və yandırıcı qarışıqlar öz-özünə gələcəkdi!

Şahtaxtinski Bayerə izah etməyə çalışanda ki yuxarıda göstərilənlər ATƏT-in Bakıdakı layihə koordinatorunun missiyasına daxil deyil, Azərbaycan üçün nəzərdə tutulmuş layihələr arasında “inqilab” adlı layihə yoxdur, o zaman Amerika səfiri hələ “soyuq müharibə” dövründən inadkar diplomatları tərbiyələndirmək üçün istifadə olunan köhnə və sınaqdan keçirilmiş metodlara əl atdı.

Ölü balıq

Qeyri-iş günlərinin birində, hansısa təhlükədən xəbər verməyən ad günündə Şahtaxtinski öz iş kabinetində, iş masasının üstündə adi poçtla göndərilmiş bükülü aşkar edir. Səfir onu açır və orada nərə balığı ilə qara kürüdən ibarət suvenir görür.

Elə həmin günlərdə Qərbdə Azərbaycan hakimiyyətinə qarşı qara piara başlamışdı, bir sıra QHT-lər və avropalı məmurları və Azərbaycan hakimiyyətini korrupsiya sövdələşməsində ittiham edirdilər.

Şahtaxtinskiyə qarşı Siciliya mafiyasının bütün qayda və anlayışlarına uyğun rəftar edirdilər. Əvvəlcə ona kağıza bükülmüş ölü balıq göndərdilər. Bundan dərhal sonra Amerikanın ATƏT-dəki səfiri Bayer Şahtaxtinskini açıq söhbətə çağırır və onu Xədicə İsmayılın, Leyla Yunusun və separatçı Hilal Məmmədovun işi ilə bağlı passivlikdə ittiham edir.

Şahtaxtinski yenidən səfirə izah etməyə çalışır ki, o, Bakıda insan haqları müdafiəçisi işləmir, diplomatik fəaliyyətlə məşğuldur və hansısa daxili siyasi hadisəyə çılğın reaksiya vermək ATƏT-in layihə koordinatorunun mandatına daxil deyil.

Bayer isə Şahtaxtinskiyə başqa cür, öz bildiyi kimi cavab verdi. Aleksisin adının qarşısına iri, yağlı xaç işarəsi qoyuldu. Diplomatın ovuna çıxdılar… Atın ona, atın! Mərkəzi Kəşfiyyat İdarəsinin maşını tam gücü ilə işləyirdi.

Seksual qısnama

Bayerlə söhbətdən cəmi bir neçə gün sonra Şahtaxtinskinin qadın köməkçisi (2004-cü ildən ofisdə işləyirdi) ofisdə qalmaqal qaldıraraq onu seksual qısnamada ittiham etdi. Amerika xüsusi xidmət orqanlarının Dominik Stross-Kanı (Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru) Fransada populyarlığının ən pik dövründə sıradan çıxaran sınanmış metodu işə düşdü!

Və bir neçə gün sonra bir müddət Bakıda işləyən, daha sonra Orta Asiya respublikalarının birinə göndərilən, xüsusi xidmət əməkdaşı olan irlandiyalı ilə sıx təmasda olmuş həmin köməkçi ATƏT-in Vyanadakı intizam komissiyasına şikayət göndərir. Səfiri ATƏT-in mənzil-qərargahına, xalça üzərinə dəvət edirlər. Ağıllandırmağa çalışırlar və əlbəttə ki, kömək əli də uzadırlar – Bakıdakı missiyasından istefa versə, günahından keçərlər. Lakin Şahtaxtinski boyun əymir.

Bir vaxtlar Primakovun özü ilə qol güləşdirmiş diplomat, necə deyərlər, “bərk qoz”dur. Şahtaxtinski açıq deyir ki, istəyirsiniz mandatdan məhrum edin, ancaq könüllü istefadan söhbət gedə bilməz.

Ancaq heç təxmin də edə bilmir ki, Bakıda onu nə gözləyir. ATƏT-in Bakı ofisində bir-birinin ardınca yavaş təsirli minalar işə düşür. Aleksisə qarşı əvvəlki nümayəndələrin vaxtında formalaşdırılmış bütün personal ayağa qalxır. Hələ Əli Bilgə Cankorelin (o da amerikalıların adamı idi) vaxtında necə lazımsa hazırlıq keçmiş əməkdaşlar bir-birinin ardınca ATƏT-in İntizam Komissiyasının qapısı ağzında növbəyə düzülür.

Yeri gəlmişkən, amerikalı məsləhətçilərinin tapşırığı ilə Cankorel 2010-cu il parlament seçkilərindən sonra Azərbaycan hakimiyyətinə ən güclü zərbələrdən birini vurdu.

Döyüş

Şahtaxtinskiyə qayıdaq. Aleksis döyüşü qəbul edir – ofisdə kadr dəyişikliyinə başlayır və heç bir kirli oyuna bulaşmamış əməkdaşlardan ibarət yeni tərkib formalaşdırır. ATƏT əks əlaqəsiz qalır – Bakı nümayəndəliyi nəzarətdən çıxır.

Şahtaxtinski Amerika səfirinə məhəl qoymur, İntizam Komissiyasına meydan oxuyur… Bir sözlə, onun istəyindən kənar başlayan qeyri-bərabər döyüş iki ilə yaxın davam edir. Və bu sərt qarşıdurmada Fransa XİN bir dəfə də olsun öz diplomatına kömək əli uzatmır.

Parisdən uzaq Bakıda fransız diplomatının Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə döyüşünü istiqanlı və çılğın fransızlara xas olmayan laqeydliklə və ingilis soyuqqanlılığı ilə müşahidə edirlər. Fransa XİN son ana qədər heç bir reaksiya vermir, diplomatını faktiki olaraq taleyin ümidinə buraxır.

Budur, bu da sizə Sarkozi və Olland kimi simasız, zəif iradəli siyasətçilərin deqradasiyaya məruz qoyduğu Şarl de Qoll Fransasının çöküşü…

Amerika səfiri Bayer səfirə qarşı gülünc ittihamların buketini hazırlayıb irəli sürür. Onların arasında prezident İlham Əliyevlə çəkilmiş foto da var. Fotoda hər iki personaj hansısa zarafata gülür. Amerikalılar artıq Azərbaycan hakimiyyətinə düşmənçilik münasibətini gizlətmirlər. Kim bizimlə deyilsə, deməli, bizə qarşıdır – Vaşinqtonun rəsmi Bakıya qarşı bugünkü siyasi kursu bundan ibarətdir.

İlham Əliyevin etirazı

Nə qədər paradoksal görünsə də ATƏT-in açıq-aşkar volyuntarist, siyasi anqajə olunmuş qərarına qarşı Paris yox, səfirin müdafəsinə qalxan İlham Əliyev çıxış etdi. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşündə Əliyev öz hiddətini açıq ifadə etdi və müvafiq araşdırma aparılmasını istədi.

Amerikalıların məntiqindən belə çıxır ki, əgər sabah ATƏT nümayəndəsi nümayişlərin sərt şəkildə dağıdılmasından sonra Almaniya hökumətini tənqid etməsə (o isə tənqid etmir, susur, solçuların kütləvi şəkildə döyülməsini görməməzliyə vurur), deməli, onu mandatdan məhrum etmək lazımdır? Hələ frau Merkel və cənab Ollandla fotonu demirik?!

Qərb liberalizminin sifəti niyə belə əyilib sallanıb? Bu nə bolşevik təfəkkürüdür – ya Əliyevlə bir olun, ya bizimlə?! Vaşinqtona kim icazə verib ki, suveren ölkənin prezidentinə qarşı bu ayırıcı xətti çəksin?

İlham Əliyevin cavabı isə özünü çox gözlətmədi. Məlum olduğu kimi, suveren Azərbaycanın mövcud olduğu bütün dövr boyu Bakıda hər il ənənəvi neft-qaz sərgisi keçirilir. Budur, 19 ildə ilk dəfə ABŞ prezidenti bu münasibətlə Azərbaycan prezidentinə təbrik məktubu göndərmir. Belə hallarda başqa prezidentlər – Poroşenko, Nazarbayev, yaxud elə Sərkisyan özü necə hərəkət edərdi? Əlbəttə, fikirləşərdi, narahat olardı, bu anlaşılmazlıqdan çıxış yolu tapmağa çalışardı.

Bəs İlham Əliyev necə hərəkət etdi? Azərbaycan prezidenti də özünə xas tərzdə cavab verdi, özünə hörmət edən və güclü ölkənin başçısı kimi…

2004-cü ildən bəri ilk dəfə İlham Əliyev sərgidə ABŞ-ın neft-qaz şirkətlərinin stendinə baş çəkmədi. Nümayişkaranə şəkildə, ona məxsus məğrur və ləyaqətli siyasətçi manerası ilə. İlham Əliyev ABŞ-a göstərdi – layiqli cavabınızı alın!

Artıq ikinci onillikdir ki, müxtəlif üsullarla və qeyri-sabitlik vəziyyətləri yaratmaq yolu ilə siyasi Olimpin zirvəsindən endirməyə uğursuz cəhdlər göstərdikləri insanın və siyasətçinin həyat fəlsəfəsini hələ də başa düşməyən və bunu qəbul etmək istəməyən amerikalıların məntiqinə mat qalmamaq olmur. İlham Əliyev şəxsi ləyaqət hissinə malik, Azərbaycanın üstünə yeriyən istənilən düşmənə əlcək atmağa qadir olan cəsur döyüşçüdür. İlham Əliyev bizlərdən hər birimizin azad ölkədə yaşamaq hüququ və şərəfi uğrunda döyüşməyə hazır olan misilsiz dövlət xadimidir. Budur, Əliyev sərgiyə baş çəkərkən Amerika şirkətlərinə məxsus stendlərin yanından saymazyana oyub keçdi, Çin, Rusiya, İran, Malayziya və digər ölkələrin, habelə BP-nin ekspozisiyalarının qarşısında isə ayaq saxlayıb baxdı.

İlham Əliyev lakey ideologiyasını, təhqiramiz vassallığı öz hakimiyyətinə və öz ölkəsinə heç vaxt yaxın buraxmaz. Bilirsinizmi niyə? Öz xalqının mütləq dəstəyinə əmin olan və bu dəstəyə söykənən istənilən hökmdar özünü belə aparır. Ağıllı, fədakar, qorxmaz və heç kimin qabağında əyilməyən şəxsiyyət özünü belə ifadə edir. Bu, qələbənin dəyərini və hakimiyyətin uğurunu bilən prezidentin həyat yoludur…

…Şahtaxtinski Azərbaycanı tərk edərkən Əliyevin gözlərinə sonuncu dəfə baxdı. Və yəqin ki, ürəyindən bu sözlər keçdi: “Çox heyf ki, mən sizə “Mənim prezidentim!” deyə müraciət edə bilmirəm!”(virtualaz).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600