Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu başladı – Fotolar/VİDEO

Türk dünyasının tanınmış simaları Qarabağ və Kərkükün taleyi üçün Bakıda bir araya gəldilər.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak edirlər.

Simpoziumu giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, onlara qatıldıqları üçün minnətdarlığını bildirib:


“Simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil. Bu qərarı dəyərli aydınlarımızla məsləhətləşərək verdik. Sabah isə Türk milli oyanış günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.

Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.

Daha sonra çıxış edən İraq Türkmən cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil:

“Biz əsarəti qəbul etmədiyimiz üçün bayrağımız hər zaman yüksələcək. Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək”.

Etibar Məmmədov Kərkük problemi ilə Qarabağ probleminin eyniləşdirilməsini dəstəkləyib:

“Bu problem bütün türklərin problemidir. Bütün türk dünyasına qarşı təzyiqlər var. Bu problemin həlli üçün türk dövlətləri ortaq iş görməlidir. Türklərin yaşadıqları yerləri tərk etdirilməsinin qarşısı alınmalıdır. Türk dövlətləri buna qarşı çıxmalıdır. Türkiyə və Azərbaycanın qarşısında duran vəzifələrdən biri də sıxışdırılan türklərin yanında olmaq, onlara siyasi, iqtisadi, mədəni dəstək olmaqdır”.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz Türk milli ruhunun birləşdirilməsinin vacibliyini önə çəkib:


“Xatırladım ki, ötən il “Fərqanədən Qarabağa”, bu il isə “Kərkükdən Qarabağa” simpozium təşkil olunub. Kərkük, Qarabağ, Anadolu – bunlar hamısı vətəndir. O vətəndə bütün Türk dünyası var. Türk dünyasını bir araya gətirmək üçün türk dövlətləri birgə səy göstərməlidirlər.

Kərkürk problemi təkcə Kərkükdə, Qarabağ problemi yalnız Qarabağda deyil. Nə qədər ki, milli ruh bütövləşməyib, vətənimiz parçalanacaq. Nə qədər ki, Türk ruhu bir araya gəlməyib, o problemlər elə də qalacaq”.

Azərbaycan xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı çıxışında Qarabağ məsələsinə toxunaraq bildirib ki, dünyanın hər yerində Qarabağ problemini təbliğ edirik:

“Milli şüurun oyanması son dərəcə önəmlidir. Türkçülük bayramının keçirilməsi millətin varlığını qorumaq yoludur. Türk dünyası qlobal güclər tərəfindən sıxışdırılır. Türk dünyası min ildir İran-Turan, mədəniyyətlərin savaşındadır. SSRİ dağıldı, oradan ayrılıb müstəqil olan dövlətlərdən 5-i türk dövlətidir. O dövlətlər birlik yarada bilərdilər.

Türk dünyasının problemini ancaq QHT-lər qabardır. Ancaq dövlət bu işdə yoxdur. Bu gün keçirilən simpoziumda da dövləti təmsil edən nümayəndə yoxdur. Əslində dövlət bu işə dəstək verməlidir”.