Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.